Masallıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Masallıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
# 12 iyul 2012 12:12 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda piyadanı vuraraq hadisə yerindən qaçmış sürücü həbs olunub. APA-nın Cənub bürosunun məlumatına görə, iyulun 6-da gecə saat 04.20 radələrində Masallı-Boradigah şose yolunun rayonun Ərkivan qəsəbəsi ərazindən keçən hissəsində yolun kənarında dayanmış piyada, Masallının Mahmudavar kənd sakini, 1968-ci il təvəllüdlü Zabil Sabir oğlu Cəbiyevi naməlum avtomobil tərəfindən vurulub. Z.Cəbiyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Onu vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Cəbiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törətmiş "VAZ-21074" markalı avtomaşının sürücüsü, rayonun Boradigah qəsəbə sakini Elçin Rzayev tutularaq istintaq orqanlarına təhvil verilib.
Onun barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR