Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin iclası keçirilib

Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin iclası keçirilib
# 19 oktyabr 2012 14:17 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin növbəti geniş iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov keçən müddət ərzində mərkəzin fəaliyyəti haqqında məlumat verib. Son 2 il ərzində teatrın iştirak etdiyi beynəlxalq festivallar, keçirilən treninq, seminar və ustad dərsləri, teatrın ayrı-ayrı fərdlərinin fəxri qonaq və münsiflər heyətinin üzvü qismində iştirak etdiyi beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən prezident təşkilatın yaradılmasında görülən işlər, təşkilati məsələlər, həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, sözügedən tədbirlər teatrın dünya teatr məkanına inteqrasiyasını təmin etməklə yanaşı, təcrübə mübadiləsi baxımdan olduqca əhəmiyyətlidir.
M.Həmidov teatrın fəaliyyətinin Beynəlxalq ASSİTEJ-in bülletenində hər ay geniş şəkildə işıqlandırıldığını diqqətə çatdırıb. Çıxışında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin 2012-2014-cü illər üçün fəaliyyət proqramını diqqətə çatdıran M.Həmidov proqrama “Çardax” teatrının yaradılması, Milli Mərkəzə struktur bölmə rəhbərlərinin təyin olunması, Mərkəzə yeni üzvlərin qəbulu və digər məsələlərin daxil olduğunu bildirib. Beynəlxalq koordinator Şaiq Səfərov çıxış edərək 2 il öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan teatrlarının ən nüfuzlu beynəlxalq qurumlara üzvlüyünü təmin etmək üçün təklif aldığını diqqətə çatdırıb.

ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin bütün üzvlərinin iştirak etdiyi iclasda həmçinin, mərkəzə yeni qəbul olunan yaradıcı insanlara üzvlük vəsiqələri təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR