Dima Bilan Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal şousunun açılışında çıxış edəcək

Dima Bilan Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal şousunun açılışında çıxış edəcək
# 17 aprel 2012 16:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. «Eurovision-2008»in qalibi Dima Bilan Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin mayın 24-də keçiriləcək II yarımfinalının açılışında çıxış edəcək. APA-nın məlumatına görə, bunu Rusiya mətbuatına müsahibəsində müsabiqə qalibi Dima Bilan özü deyib.

Dima Bilan «Hamıya demək istəyirəm ki, mən Bakıya gəlirəm» söyləyərək, daha bir sürprizini açıqlayıb. O, müsabiqənin ötən ilki qalibi Nigar Camalla birgə duet oxuyacaq. Dimanın Nigarla oxuyacağı mahnının adı «Məni qucaqla» («Obnimi menya») adlanır: «Bakıya müsabiqənin xüsusi qonağı kimi gedirəm. «Eurovision-2012»nin Təşkilat Komitəsi tərəfindən bu şouda çıxış etmək təklifi almışam. «Eurovision-2012»nin II yarımfinalda çıxış edəcəyəm. Həmin günkü çıxışımı tam açıqlamaq istəmirəm, bu, mayın 24-də efirdən məlum olacaq. Mayın 23-də isə biz Nikki ilə duetimizi təqdim edəcəyik. Mahnımızı ilk əvvəl Bakı “Euroclub”unda ifa edəcəyik».

Dima Bilan deyib ki, Nigar Camalla Bakıda olarkən tanış olub. Nigarın çox mehriban qız olduğunu bildirən Dima bu ideyanın da həmin görüş zamanı yarandığını deyib və Nigarla duetinin çox gözəl alındığını da açıqlayıb.

Bu il Rusiya milli seçimlərinə qatılan, lakin «Buranovskiye babuşki» qrupuna məğlub olan Dima Bilan seçimlərə çox da yaxşı hazırlaşmadığını etiraf edib: «Heyf ki, zaman azlığından çox da yaxşı hazırlaşa bilmədim. Seçimlərdə ikinci olduğumda hamı məni lağa qoymağa başladı, amma mən istəyimə çatdım və Bakıya gedirəm».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR