Azərbaycanda tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı açıqlanıb

Azərbaycanda tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı açıqlanıb
# 13 aprel 2012 11:30 (UTC +04:00)
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov «APA-Economics»ə açıqlamasında bildirib ki, belə obyektlərin təqribi siyahısı Məcəllənin layihəsində əksini tapıb. Layihəyə əsasən, tikintisinə icazə tələb olunmayacaq obyektlər aşağıdakılardır:

- hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kv. metr olan birmərtəbəli yardımçı tikililər;

- xüsusi mülkiyyətdə olan torpaq sahələrində və özəl təsərrüfat sahələrinin hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su və çirkab su anbarları (rezervuarlar);

- hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kv. metr olan kənd təsərrüfatı obyektləri;

- hündürlüyü ən çoxu 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarlar (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
- hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəkləri, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələri;

- məzarlıq abidələri, xatirə lövhələri və ya konstruksiyaları;

- kiçik memarlıq formaları (köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançaları, açıq avtomobil dayanacaqları;

- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər;

- binaların fasadlarında və ya damlarında quraşdırılan, lövhəsinin üz sahəsi ən çoxu 30 kv. metr olan reklam qurğuları;

- fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektləri;

- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı şəbəkələri (xətlər);

- fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kv. metr olan yardımçı tikililər;

- hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kv. metr olan istixanalar və oranjereyalar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR