Ucarda yeni kəsim sexinin təməli qoyulub

Ucarda yeni kəsim sexinin təməli qoyulub
# 11 sentyabr 2012 07:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Ucarda yeni «Ucar Aqro» MMC-nin kəsim sexinin təməlqoyma mərasimi keçirilib.

«ZQAN Holding»dən «APA-Economics»ə verilən məlumata görə, sahəsi 5 ha, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87 ha təşkil edən kəsim sexində ekoloji təmiz, ən müasir texnologiyanın tətbiqi ilə emal edilmiş, «Halal» standartının tələblərinə cavab verən quş əti məhsulları istehsal olunacaq. Kəsim sexi fəaliyyətə başladıqdan sonra saatda 6 min baş quş emal edəcək. İnşa və tikintinin müddəti 18-20 ay nəzərdə tutulub.

Təməlqoyma mərasimində iştirak edən «ZQAN Holding»in İdarə Heyətinin sədri Vaqif Həsənov yeni layihə haqqında geniş məlumat verib: « Tikintisinə başlanılan kəsim sexi ölkə quşçuluq təsərrüfatında ən müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sexlərdən biri olacaq. Elə təkcə onu qeyd etmək olar ki, müəssisə dünyanın aparıcı texnika istehsalçısı olan Hollandiyanın «Meyn» şirkətinin kəsim avadanlığı ilə təchiz ediləcək. Bu isə öz növbəsində daha sürətli istehsal olunan və daha keyfiyyətli məhsul deməkdir. Kəsim sexi fəaliyyətə başladıqdan sonra burada 150-160 daimi iş yeri yaradılacaq, ümumilikdə isə quşçuluq fermasında 800-ə yaxın insan işlə təmin olunacaq. Çox şadam ki, «Ucar Aqro» kəsim sexi tezliklə quşçuluq təsərrüfatında yeni keyfiyyət standartı tətbiq edəcək».

Qeyd edək ki, təməlqoyma mərasimində «ZQAN Holding» şirkətlər qrupunun rəhbərliyi və Ucar Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

“ZQAN Holding” Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. «ZQAN Holding» «ZQAN Şirkətlər Qrupu»na daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. «ZQAN Şirkətlər Qrupu» inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR