Azərbaycanda Fransa kurortlarının təqdimatı keçirilib

Azərbaycanda Fransa kurortlarının təqdimatı keçirilib
# 12 oktyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Atout France» agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri xanım Anastasiya Kurçevskaya Agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1987-ci ildən fəaliyyət göstərən «Atout France» hazırda 30 ölkədə təmsil olunub: «Bir çox ölkədə nümayəndəliyi olan Agentliyin 2002-ci ildə Moskvada da Rusiya nümayəndəliyi açılıb ki, nümayəndəlik Ukrayna və MDB ölkələrini də əhatə edir».

A.Kurçevskaya onu da bildirib ki, bir çox turistlər Fransa kurortlarının həddən arıq bahalı olduğunu düşünür: «Əlbəttə, Fransanın bahalı kurortları çoxdur. Onlardan Kurşevel, San Bartelemi, Qrenobl, Şamberi və s. adını çəkmək olar. Lakin elə həmin kurortlarda münasib qiymətlərə hotel və xidmətlərdən istifadə etmək mümkündür. Azərbaycan turistləri üçün əlverişli məqamın biri odur ki, həftədə 4 dəfə Bakı-Paris marşrutu üzrə birbaşa sərnişin aviareysi mövcuddur».

Bundan başqa, tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək öz təkliflərini nümayiş etdiriblər.

Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə işçi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır. Bu ay ərzində «Atout France»ın Rusiya nümayəndəliyi analoji təqdimatları Kiyev, Sankt-Peterburq və Moskva şəhərlərində təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR