Mübariz Əhmədoğlu: “İran-Azərbaycan münasibətlərində araqarışdırıcılıq edən nəinki üçüncü, hətta ikinci qüvvə elə İran özüdür”

Mübariz Əhmədoğlu: “İran-Azərbaycan münasibətlərində araqarışdırıcılıq edən nəinki üçüncü, hətta ikinci qüvvə elə İran özüdür”
# 18 iyul 2012 10:32 (UTC +04:00)
Bakı-APA. “İran sərəncamındakı Azərbaycanla əlaqəli vasitələrdən yaxşılığa deyil, pisliyə doğru istifadə etdi. Əgər İran bütün bu vasitələrdən istifadə etməklə Azərbaycan Respublikasının müstəqil siyasətində heç bir dəyişiklik edə bilmədisə, digər dövlətlər ümumiyyətlə dəyişiklik barədə düşünmürlər və düşünə də bilməzlər”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Onun sözlərinə görə, Azərbaycanın daxili və xarici siyasətinə təsir etməyə müəyyən imkanı olan dövlət İrandır: “Qonşuyuq, bizdən qat-qat böyükdür, Azərbaycanın daxilində İranın beşinci kolonu ilə yanaşı Azərbaycan müsəlmanlarının böyük əksəriyyəti İran əhalisi ilə eyni təriqətə sitayiş edir. Bu amillər İranın əlində Azərbaycan Respublikasına qarşı təzyiq etməyə imkan yaradan vasitələrdir və neqativ mənada İranın Azərbaycana təsir imkanları ABŞ, Rusiya və Türkiyənin təsir imkanlarının cəmindən daha çoxdur. Ölkə siyasi rəhbərliyinin apardığı siyasət İranın intensiv antiazərbaycan siyasətini neytrallaşdırdı. Azərbaycan rəhbərliyinin müstəqil siyasət aparmaq kursu sübut olunmuş fenomendir. ABŞ-da Ağ Evin qarşısındakı yaşıllıqda Azərbaycan Prezidentinin verdiyi bəyanat heç kimin yadından çıxmayıb.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin üç dəfə, indiki prezident Vladimir Putinin bir dəfə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dörd və ya beş dəfə İrandakı azərbaycanlılar məsələsini aktuallaşdırması da diqqətdən kənarda qalmamalıdır. Qətər əmirinin Azərbaycan və Türkiyəyə səfər edib ölkəsinə qayıtdıqdan sonra İran məsələsinin yalnız dinc yolla tənzimlənməsi ilə bağlı verdiyi bəyanatı da unudulmamalıdır. Bizim İsraillə, yəhudi lobbisi ilə əlaqələrimiz var və bu əlaqələr qarşılıqlı faydalıdır. İran və İran kimi bəzi dövlətlərin Ermənistana etdiyi yardımı neytrallaşdırmaqdan ötrü yəhudi lobbisi ilə əlaqələr qurulmalı idi və bu əlaqələr quruldu; faydası göz qabağındadır”.

Politoloqun sözlərinə görə, Azərbaycan müstəqil siyasətini ABŞ qarşısında sübut edib: “Bu təkcə İrana hücum etməməklə bağlı deyil. ABŞ Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin əleyhinə idi. ABŞ da İran kimi Ermənistanın regional layihələrdən kənarda qalmasının əleyhinə idi. Azərbaycanın səyləri nəticəsində ABŞ-ın iradəsinin əleyhinə olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi artıq başa çatır. ABŞ-ın himayəsi ilə Kosovo müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-ın təkidlərinə baxmayaraq sülhməramlı qoşunlarını Kosovodan çıxardı. Balkan regionunda indi Azərbaycanın ən yaxın müttəfiqlərindən biri Serbiyadır.
İran şirkəti Qərb şirkətləri ilə birlikdə “Şahdəniz-2” layihəsində iştirak edir. ABŞ-ın sanksiyalarının fəaliyyəti dövründə İran Azərbaycan Respublikasına “Şimal-Cənub” dəmiryolu marşrutunun “Astara(İran)-Rəşt” hissəsinin tikintisini davam etdirməyi təklif etdi. Azərbaycan Respublikası bu təklifi qəbul etdi. Həmin dəmiryolunun tikintisini İran özü dayandırıb.
ABŞ-Ermənistan əlaqələri ABŞ-Azərbaycan əlaqələrinə nisbətən daha çoxtərəfli və sıxdır. Ermənistan kasıb və zəif dövlət olduğu üçün müstəqil siyasət apara bilmir. Onun siyasətinin dəyişilməsində bəzən 1-2 milyon dollarlıq qrant layihəsi də rol oynaya bilər”.

Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanın İranla rəsmi sərhədləri ilə yanaşı qeyri-rəsmi, başqa sözlə, nəzarətsiz ərazilərdən ibarət sərhədləri də mövcuddur: “Söhbət ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindən gedir. Misirdən sonra ABŞ-ın dünyada ən böyük səfirliyinin binası Ermənistandadır. Bu gün də səfirliyin binasından ABŞ-ın “dəniz pişikləri” yerləşdirilmişlər; sayları dəyişkəndir. İranla bağlı bütün kimyəvi, bioloji, fiziki, seysmik ölçmə cihazları Ermənistan ərazisində yerləşdirilib və bütün vacib laboratoriyalar da səfirliyin binasından yerləşdirilmişdir. İranın Ermənistana və Azərbaycana münasibətinin necə olmasından asılı olmayaraq, ABŞ Ermənistanda İrana qarşı hansı işlər gördüyünü çox gözəl bilir. Ona görə də İranın Ermənistan və Azərbaycanla əlaqəli siyasətləri ABŞ-da ruh yüksəkliyi yardır. İranın Ermənistan və Azərbaycan üzrə siyasətindəki məntiqsizlik davam etdikcə, Ermənistanın antiiran fəaliyyəti gizli qaldıqca ABŞ-ın İrana qarşı mövqeyi sərtləşir və bundan sonra da sərtləşəcəkdir. İranın barmağı ilə əmizdirdiyi Ermənistan onu ABŞ-a aid vacib obyektlərin 1 km radiusuna belə buraxmayacaqdır. ABŞ-da dəqiq bilirlər ki, neçə İran məmuru Ermənistandakı səfirlik vasitəsilə “Green card” alıb. Bu məsələdə keçmiş səfir S. Saqiyan müəyyən qədər məlumatlı ola bilər. İsrail də beləcə. İsrail ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin köməkliyi ilə İrana qarşı təxribatlar aparmağa çoxdan hazırlaşırlar. İrandakı əsl müxalifət, vaxtilə ABŞ-la, Qərblə ciddi əlaqələri olmuş insanlar ABŞ və İsrailin Ermənistan vasitəsilə İrana qarşı əməliyyat keçirməsinə yaşıl işıq yandırıblar”.

Politoloq qeyd edib ki, İran-Azərbaycan münasibətlərini korlayan üçüncü qüvvəyə ehtiyac yoxdur: “Çünki Azərbaycan-İran münasibətlərində sonuncu tərəf, yəni İran tərəfi özü bu rolu icra edir. İranın daxili strukturu və vəziyyəti çox mürəkkəbdir. İndinin özündə də İran Qərbə tərəf can atır. İranın Rusiyaya qarşı son bir ildə atdığı kəskin neqativ tutumlu addımlar onun ABŞ-a doğru mesajıdır. Bu günün özündə də İranın din xadimlərinin evində, qohum-əqrabasında ABŞ-a, Qərbə bağlı qüvvələr hədsiz çoxdur. İranda islam inqilabının yaşı cəmi 33 ildir. Bu hesabla götürəndə, İranda 50 yaşdan yuxarı istənilən İran səlahiyyətlisi ABŞ-İran dostluğunun mədhinə şer oxumuşdur və onun ləzzətini dadmışdır. Bu və ya bu tipli qüvvələr İranda indiki rejimdən narazılığın özəyini təşkil edirlər. İranın dini və siyasi elitasında oturanlar İran üçün ən böyük müxalifətçiliyin Azərbaycan məsələsində olduğunu çox gözəl bilirlər. Azərbaycan məsələsi İran üçün uzunmüddətli həm daxili, həm xarici, həm dinc, həm də hərbi müxalifət ola bilər. Ona görə də İranda bir qrup səlahiyyətli şəxs Azərbaycan Respublikası ilə düşmənçiliyin İranın sonuna kimi davam etməsində maraqlıdır və buna da çalışır. Biz heç bir qonşumuzla ədavətin və düşmənçiliyin tərəfdarı deyilik. Bizim bir düşmənimiz var o da təcavüzkar Ermənistandır. Mürəkkəb zamandır. İndiki şəraitdə ümid verici Azərbaycanın güclənməsi və inkişafının sürətlənməsidir. Allahın və ya bəndənin etməsindən asılı olmayaraq, Azərbaycan güclənir, İran və Ermənistan zəifləyir. Ona görə də yaxınlarda Azərbaycanın İran-Ermənistan münasibətlərindəki bir neçə bağlı səhifəni açmağa imkan əldə edəcəyinə ümid etmək olar. Hər halda bunlar Allahdandır. Yaxınlarda İran-Azərbaycan münasibətlərini korlayan əsas qüvvənin İran olduğunu əksəriyyət başa düşəcəkdir. İran təbliğat maşının qarşısında duran əsas məsələ Azərbaycan Respublikasını İrana düşmən edən qüvvənin İranın daxilində deyil, guya xaricində olduğunu sübut etməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR