“Akkord” Korporasiyası Kutaisi dolama yolunun tikintisinə start verib - FOTO

“Akkord” Korporasiyası Kutaisi dolama yolunun tikintisinə start verib - <font color=red>FOTO</font>
# 18 fevral 2012 13:57 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın son 3 il ərzində Gürcüstanda əhəmiyyətli layihələr icra edən törəmə müəssisəsi “Akkord Georgia” Kutaisi şəhəri yaxınlığında daha bir infrastruktur layihəsinin icrasına start verib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın İctimaiyyətlə əlaqələr departamentinin direktoru Afaq Quliyevanın APA-ya verdiyi məlumata görə, Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində 17,3 km-lik beton örtüklü Kutaisi dolama yolunun tikintisi Yaponiyanın JICA bankı tərəfindən maliyyələşdirilir. “Padeco Co. LTD” şirkəti tərəfindən hazırlanan layihənin icrasında “Akkord Georgia” subpodratçı kimi iştirak edir.

Tender dəyəri 55 mln. avrodan artıq olan I kateqoriya yolun əsas funksiyası Böyük İpək Yolu layihəsi üzrə Türkiyə-Gürcüstan-Azərbaycan və əksinə istiqamətdə yol alan yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin etməkdən ibarətdir.

Fevralın 17-də Gürcüstan prezidenti Mixeil Saakaşvili, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, “Akkord” Korporasiyasının rəhbəri Xaqani Quluzadə, layihənin podratçısı qismində çıxış edən “Todini-Takenaka” şirkətinin rəhbərliyinin iştirakı ilə yolun tikintisinə start verilib. “Akkord” Korporasiyasının əraziyə cəlb etdiyi texnika ilə yeni yolun 1-ci km-də torpaq-qazma işlərinin icrasına başlanılıb.

Təməlqoyma mərasimində çıxış edən Gürcüstan prezidenti Mixeil Saakaşvili “İpək yolu” layihəsi üzrə tikintisinə başlanmış yolun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra M.Saakaşvili “Akkord Georgia” şirkətinin tikintiyə cəlb etdiyi yeni texnikanı, yolun birinci kilometrində torpaq işlərinin gedişini nəzərdən keçirib.

Layihə üzrə beton örtüklü Kutaisi dolama yolunun eni 11,5 metr, beton örtük qalınlığı 28 sm, yol çiyinlərinin eni 1,75 metr olacaq. Ərazidə görüləcək torpaq-qazma işlərinin həcmi 2,5 mln. kubmetrə yaxındır. Yolda 6 körpü və 4 ədəd körpü tipli yol qovşağının tikintisi nəzərdə tutulub. Bu körpülərdən biri Rioni çayı üzərində tikiləcək və uzunluğu 800 metrdən artıq olacaq. Yolda 466,9 metr uzunluğunda bir ədəd dəmiryolu körpüsü də tikiləcək. Layihə üzrə bütün körpülərin ümumi uzunluğu 1985,5 metrə bərabərdir. Körpülərin tikintisində istifadə olunacaq 800-ə yaxın 33 metrlik körpü tirlərinin hazırlanması üçün Kutaisi yaxınlığında xüsusi zavod qurulacaq. Yolda həmçinin düzbucaqlı boru, bokskalvert kimi digər infrastruktur və kommunikasiya qurğularının tikintisi də nəzərdə tutulur.

Sadalanan işlərin görülməsi üçün səfərbər olan “Akkord” artıq əraziyə 84 ədəd özüboşaldan maşın və xüsusi texnika cəlb edib, nəqliyyat vasitələri və xidməti personal üçün müvafiq düşərgə hazırlayıb. İşlərin tam gücü ilə davam etməsi üçün ərazidə daha iki belə düşərgənin salınması, iki ədəd beton zavodu, asfalt zavodu, iki ədəd qum-çınqıl karxanasının qurulması nəzərdə tutulub.

Yol-tikinti işləri çərçivəsində yol xətti üzərindəki bir sıra köhnə infrastruktur obyektlərinin söküntüsü də “Akkord” tərəfindən həyata keçiriləcək. Şirkət tərəfindən layihənin icrasına 500-ə yaxın işçi qüvvəsi cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR