Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının apellyasiya məhkəməsi başlayıb

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının apellyasiya məhkəməsi başlayıb
# 16 oktyabr 2012 08:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Baş Prokurorluq Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarının barəsində olan hökmdən apellyasiya protesti verib.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində apellyassiya protesti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı isə oktyabrın 29-na təyin edilib.

İttihama əsasən, dəstə üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq, Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq, onları azad ediblər.

Bundan başqa, Zhanq Venlin 2010-cu il yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonu 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 09:30 radələrində Zhanq Venlinə məxsus mobil telefondan həyat yoldaşına zəng gəlib və naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını deyərək, azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər.

Bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə isə Zhanq Venlini öldürəcəklərini bildiriblər. Yanvarın 7-də naməlum şəxslər tərəfindən təkrar zəng gəlib və Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığı deyilib. Sonradan zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb.

Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonqun, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van və Jhen Si Hunun hər biri 13 il, Yu Huenin isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR