Lənkəran rayonunda narkotik bitkilərin becərilməsi ilə məşğul olan şəxs polisi yaralayıb

Lənkəran rayonunda narkotik bitkilərin becərilməsi ilə məşğul olan şəxs polisi yaralayıb
# 11 iyun 2012 09:14 (UTC +04:00)
Rayon Polis Şöbəsinin rəis müavini Qabil Tağıyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, ötən gün axşam saatlarında Lənkəran şəhər Polis Şöbəsinə rayonun Göyşaban kəndi ərazisində narkotik bitki becərilməsi barədə məlumat daxil olub.

Bununla bağlı əməliyyat-istintaq qrupu yaradılıb, polis əməkdaşları gecə hadisə yerinə gediblər. Bu zaman Göyşaban kənd sakini, 1976-cı il təvəllüdlü Məzahir Gülağa oğlu Həbibovun 3 hektar qamışlıq ərazinin 1 sotunda 3 istiqamətdə 130-a yaxın marixuana bitkisini aqrotexniki qaydada becərməsi faktı aşkarlanıb.

Həmin şəxs polis əməkdaşlarına müqavimət göstərib, polis əməkdaşlarından birinə 3 bıçaq zərbəsi vurub. O digər polis əməkdaşını bıçaqla vurmaq istəyəndə yaralanan polis tabel silahından atəş açaraq onu zərərsizləşdirib. M. Həbibov saxlanılıb.

Əməliyyat qrupu bu gün səhər yenidən əraziyə baxış keçirib. Oradan 30 kiloqrama yaxın qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR