“Azəriqaz”ın mətbuat katibi dəyişdirilib

“Azəriqaz”ın mətbuat katibi dəyişdirilib
# 12 mart 2012 15:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib.

«Azəriqaz»dan «APA-Economics»ə verilən məlumata görə, onun yerinə Araz Ağayev təyin edilib: “Kamandar Eyvazlının vəzifəsini tərk etməsi onun səhhəti ilə bağlıdır. O, xəstəliyi səbəbindən vəzifəsini yerinə yetirə bilmədiyinə görə müraciət edərək daha aşağı vəzifəyə keçirilməsini xahiş etmişdi”.

K.Eyvazlı bundan sonra “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsində müxbir kimi fəaliyyət göstərəcək. İB-də mətbuat katibinin dəyişməsi ilə əlaqədar olaraq ictimaiyyətlə əlaqələrin daha da güclənəcəyi bildirilib: «Bu gün rəhbərlik bununla bağlı tapşırıqlar verib və onun nəticəsində ictimaiyyətlə əlaqələr intensivləşəcək, yeni üsullar tətbiq ediləcək».

«Azəriqaz»ın yeni mətbuat katibi Araz Ağayev indiyədək də ARDNŞ strukturlarında çalışıb. O, 1999-2006-cı illərdə “Kaspi” qəzetində, xidmət rəhbəri təyin olunanadək isə ARDNŞ-ın Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. A.Ağayev də «APA-Economics»ə «Azəriqaz»da ictimaiyyətlə əlaqələrin daha da intensivləşəcəyini və mətbuatla işin aktivləşəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR