Mingəçevirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Mingəçevirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
# 09 aprel 2012 13:23 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov - APA. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının Mingəçevirdə keçirilən ümumi yığıncağında qurumun bir illik fəaliyyəti müzakirə edilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev hesabat məruzəsi ilə çıxış bildirib ki, rəhbərlik etdiyi qurum 2006-cı ildə yaradılıb və ölkənin 67 şəhərinin bələdiyyə qurumlarını könüllülük əsasında ətrafında birləşdirir. O, assosiasiyanın fəaliyyətinin bütün aspektlərini açıqlayaraq işini təhlil edib. Qeyd olunub ki, ötən ilin aprelindən bəri bələdiyyələrin fəaliyyəti ilə bağlı mövcud qanunlara bir sıra əlavə və dəyişikliklər edilib. Yerli əhəmiyyətli yolların bərpası istiqamətində daha çox layihələr həyata keçirilib. Hesabat məruzəsində qeyd edilib ki, ölkədə yolların saxlanılması üçün şəhər və kənd bələdiyyələri tərəfindən ötən bir ildə icra olunan 1259 layihənin icrasına 5 milyon 700 min manat, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi üçün 745 layihənin icrasına 1 milyon 600 min manat, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 359 layihənin icrasına 730 min manat vəsait xərclənib. Bütün bu layihələrdən 303-nün icrası şəhər bələdiyyələri tərəfindən həyata keçirilib ki, bunun üçün 3 milyon 670 min manat vəsait xərclənib.
Assosiasiyanın nəzarət-təftiş komissiyasının sədri Eldar Əhmədov çıxışından sonra yığıncaq iştirakçıları assosiasiyanın 2012-ci il üçün büdcəsini müzakirə ediblər. Yığıncaqda çıxış edən Gəncə, Mingəçevir, Şabran, Ağsu, Göygöl bələdiyyələrinin sədrləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirib, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırıblar. Yığıncaqda Prezident Administrasiyasının regional ərazi idarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun əməkdaşı Pənah Cahangirov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR