Bakı. Ramiz Mikayıloğlu - APA. QHT-lərin dövlət reyestrindən çıxarışının etibarlılıq müddətinin 90 gün müəyyənləşdirilməsi ilə bağlı müddəa Milli Məclisin payız sessiyasında qəbul edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”, “QHT-lər haqqında” qanuna və bununla bağlı digər qanunlara edilmiş əlavələr və dəyişikliklərdə yer almayıb. APA-nın məlumatına görə, bunu prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, ilkin layihədə QHT-lərin dövlət reyestrindən çıxarışının etibarlılıq müddətinin 90 gün müəyyənləşdirilməsi ilə bağlı müddəa olsa da, müzakirələrdən sonra həmin müddəa çıxarılıb. Onun sözlərinə görə, parlamentdə 2013-cü il oktyabrın 17-də qəbul edilən və prezidentə imzalanmaq üçün təqdim edilən son variantda bu müddəa yer almayıb.
Qeyd edək ki, dövlət reyestrindən çıxarışının etibarlılıq müddətinin 90 gün müəyyənləşdirilməsi QHT sektorunda narazılıqla qarşılanıb.