Azərbaycanda ÜDM istehsalı bir ilə 3% artıb

Azərbaycanda ÜDM istehsalı bir ilə 3% artıb
# 13 iyun 2014 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən bu ilin ötən beş ayı ərzində 23,4 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM-in 61,2%-i məhsul istehsalı sahələrində, 31,7%-i xidmət sahələrində yaradılıb, 7,1%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil edib.

Əlavə dəyərin 55,4%-i qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8,3% artıb, neft sektorunda isə 3,6% azalıb.

Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14,1 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövründəkindən 2,1% az sənaye məhsulu istehsal edilib. Məhsulun 73,3%-i mədənçıxarma bölməsində, 20,5%-i emal bölməsində, 5,6%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.4% artıb, neft sektorunda isə 3.0% azalıb. Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 2,2% azalıb, 17,7 mln. ton neft, 7,6 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub.

Emal bölməsində məhsul buraxılışı 6,7% azalsa da, qida məhsullarının istehsalı 2,1%, geyim istehsalı 17,4%, tikinti materialları istehsalı 16,7%, maşın və avadanlıqların istehsalı 4,7%, avtomobil və qoşquların istehsalı 2,6 dəfə, sair nəqliyyat vasitələri istehsalı 2,8 dəfə, mebel istehsalı 29,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri 18,1% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 1,7% artıb, istehsal edilmiş 9,2 mlrd. kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 3,0% çox olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6,6% artıb. İyun ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 363,3 mln. manatlıq hazır məhsul olub və son bir ay ərzində hazır məhsul ehtiyatı 17,7 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR