Leyla Əliyeva: “Tolerantlıq və dözümlülük bizim üçün yeni ideya deyil, həyatımızın bir parçasıdır”

Leyla Əliyeva: “Tolerantlıq və dözümlülük bizim üçün yeni ideya deyil, həyatımızın bir parçasıdır”
# 31 oktyabr 2013 15:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan hər zaman müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin məskəni olub. Tolerantlıq və dözümlülük bizim üçün yeni ideya deyil, bizim həyatımızın bir parçasıdır”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumda çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi və direktoru Leyla Əliyeva deyib.

L. Əliyeva beynəlxalq humanitar forumun dünyanın ən sürətli inkişaf edən şəhərlərindən biri olan Bakıda keçirilməsindən məmnunluğunu bildirib: “Müasir inkişafla yanaşı, biz çox qədim tarixə, ənənələrə sahibik və bunu yüksək qiymətləndiririk”.

L. Əliyeva forumu aktual məsələləri, o cümlədən ekologiya məsələsini müzakirə etməyə şərait yaradan mükəmməl imkan kimi dəyərləndirib: “Əgər insan ətraf mühitə münasibətini dəyişməzsə, gələcəkdə ekoloji fəlakətlər insanların həyatı üçün real təhlükəyə çevriləcək”.

Natiq regionda və bütün dünyada həyata keçirilən İDEA layihələri haqda da danışaraq qeyd edib ki, irəli sürdükləri təşəbbüslərdən biri 3 milyon ağac əkmək olub: “Bu, gənc azərbaycanlıları birləşdirmək və onların diqqətini ekoloji problemlərə cəmləşdirmək üçün əla üsuldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milyonlarla ağac əkildi”.

İDEA-nın gənclər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə dünya üzrə müxtəlif ekoloji təşkilatlarla əməkdaşlıq etdiyini söyləyən L. Əliyeva, ekoloji məsələlərin müasir gənclik arasında aktual və dəb olmasından məmnunluq duyduğunu vurğulayıb və qeyd edib ki, bu məsələləri müzakirə etmədən ekoloji sivilizasiya yaratmaq mümkün deyil.

Natiq İDEA-nın “Su yoxur, həyat yoxdur” (“No water, no life”) adlı növbəti müsabiqəsinin gələn il keçiriləcəyini və bu çərçivədə uşaqların ətraf mühit barədə baxışlarını ifadə edə biləcəklərini deyib: “Təbii ehtiyatlar tükənə bilər, lakin yeni ideyalar, proqramlar yaradan insan intellekti tükənə və ya sona yetə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR