Azərbaycan ötən il dövlət əmlakının icarəsindən 6,5 mln. manat qazanıb

Azərbaycan ötən il dövlət əmlakının icarəsindən 6,5 mln. manat qazanıb
# 23 yanvar 2014 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda 650-dən çox qeyri-yaşayış sahəsi icarəyə verilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 720-dən çox obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb, 260-dan çox icarə müqaviləsi ləğv edilib.

Eyni zamanda, icarə haqlarını ödəməyən 250-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 190-dan çox iddia ərizəsi göndərilib və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilib.

Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 570-dən çox icarə müqaviləsi bağlanılıb. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 60-dan çox obyekt üzrə icarə müqavilələrinin müddəti uzadılıb və müxtəlif səbəblərdən 425-ə yaxın icarə müqaviləsinə xitam verilib. Eyni zamanda, icarə haqlarını vaxtında ödəməyən 30-a yaxın obyektin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları, icarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə iddia ərizəsi göndərilib.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 6,5 mln. manatdan çox vəsait daxil olunub. Bununla da 2013-cü ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıq 30% artıqlaması ilə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR