Səfir: “İsveçrənin ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olacaq”

Səfir: “İsveçrənin ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olacaq”
# 11 sentyabr 2013 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradova İsveçrənin ölkəmizdəki yeni səfiri Paskal Ebişerlə görüşüb.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B.Muradova ölkələr arasındakı dostluq əlaqələrinin tarixindən söhbət açıb, iqtisadi, humanitar və mədəni münasibətlərimizi yüksək dəyərləndirdiyini vurğulayıb.

O, Azərbaycan-İsveçrə parlamentlərarası işçi qrupunun rəhbəri kimi ali qanunverici orqanlar arasındakı mövcud əlaqələrin inkişafında dostluq qruplarının xüsusi rolu olduğunu diqqətə çatdırıb. B.Muradova ATƏT PA çərçivəsində İsveçrənin daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib: “Ölkəmiz İsveçrənin balanslı və dinc siyasətini hər zaman təqdir edir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda bu ölkənin dəstəyinə böyük ümidlər bəsləyirik.” Vitse-spiker Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı problemlərinin həllində İsveçrə təşkilatlarının göstərdiyi yardımlara görə minnətdarlığını da ifadə edib.

Paskal Ebişer ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük zəmin olduğunu qeyd edib. Qonaq regionda neft və təbii qaz ixracatı ilə bağlı həyata keçirilən qlobal layihələrdə qarşılıqlı əməkdaşlıqdan söz açıb. Səfir öz ölkəsinin gələn ildən etibarən ATƏT PA-ya sədrlik edəcəyi dönəmdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyişlərin reallaşacağına əmin olduğunu bildirib. O, Azərbaycana qarşıdan gələn 9 oktyabr - Prezident seçkilərində uğurlar diləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR