Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb

Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb
# 06 iyun 2016 16:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən iyunun 6-da Füzuli, Ağdam və Tərtər rayonlarında 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi və 12 partlayış yerinə baxış keçirilib.

Agentlikdən APA-ya verilən məlumata görə, baxış zamanı Tərtər və Füzulidə 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı, 2 ədəd 152 mm-lik top mərmisi və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 19 770 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 aprel – 6 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 580 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 504 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR