“Japan Tobacco International” şirkəti Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün növbəti təlim keçirib - FOTO

“Japan Tobacco International” şirkəti Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün növbəti təlim keçirib - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Tovuz şəhərində “Japan Tobacco International” (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində dördüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.

Şirkətdən (DGK) “APA-Economics”ə verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda Gəncə, Tovuz, Balakən və Yevlax Gömrük İdarələrinin 25-dən çox əməkdaşı iştirak edib.

İlk belə seminar JTI şirkəti tərəfindən DGK-nın Aparatının və ərazi Gömrük İdarələrində xidmət göstərən gömrük əməkdaşları üçün bu il fevralın 19-da keçirilib. İkinci seminar isə mayın 23-də Quba şəhərində keçirilib və seminarda DGK-nın Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin “Samur”, “Xudat” və “Yalama” gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak edib. Üçüncü seminar avqustun 12-də Lənkəran şəhərində keçirilib, seminarda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar Gömrük İdarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak edib.

Tovuzda keçirilən tədbirin açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycanın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışıb, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirib. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi seminarların gömrük əməkdaşları üçün çox zəruri olduğunu qeyd edib və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirib.

Seminar zamanı, Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminarda təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.

Beləliklə də, JTI şirkəti 2014-cü il ərzində DGK ilə həyata keçirdiyi uğurlu əməkdaşlıq nəticəsində, Azərbaycanın Rusiya, İran və Gürcüstan sərhədlərində xidmət edən gömrük əməkdaşları üçün bu sahədə zəruri hesab edilən əlavə bilik və təcrübənin formalaşmasına yardım edib və gələcəkdə də bu uğurlu işin davam etdirilməsində öz səyini əsirgəməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR