Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 klubdan ikisi bəlli olub

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 klubdan ikisi bəlli olub
# 29 aprel 2013 07:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycanı qarşıdakı mövsümdə avrokuboklarda təmsil edəcək 4 klubdan ikisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ” mövsümün sonluğundan asılı olmayaraq, qitə kuboklarına qatılacaq.

Buna səbəb hər 2 komandanın Topaz Premyer Liqasının mükafatını təmin etməsidir. Yəni, son 4 turunun nəticəsindən asılı olmayaraq, “Neftçi” və “Qarabağ” ilk “üçlük”də qərarlaşacaq.

57 xala malik “Neftçi” buna XXVIII turun “İnter”lə oyununa çıxmazdan əvvəl nail olub. 4-cü olan “Simurq”un “Bakı”ya 1:2 hesabı ilə uduzması “ağ-qaralar”ı onlar üçün əlçatmaz edib. Çünki sona 4 tur qalmış zaqatalalılar liderdən 17 xal geri qalırlar. Bundan sonra lider ən pis halda, “Qarabağ”la “İnter”i qabağa buraxa bilər.

“Qəbələ”yə səfərdə 2 cavabsız qolla qalib gələn “Qarabağ”a da “Simurq”un xalsız qalması yol açıb. Artıq 54 xalı olan ağdamlılar da 4-cü pilləni 14 xal qabaqlamaqla Avropaya vəsiqə əldə ediblər.

“Neftçi” və “Qarabağ”ın Avropa Liqasına və ya Çempionlar Liqasına yollanacağı kimin çempion olmasından asılıdır. Bu 2 komandanın ilk “üçlük”də yerini təmin etməsindən sonra “Simurq” da ilk 2 yerə ümidini itirib. Zaqatalalılar indi yalnız “böyük qardaşı” “İnter”in qərarlaşdığı 3-cü yerə ümidlidir.

Avrokuboklara 3-cü vəsiqənin sahibi isə artıq növbəti turda müəyyənləşə bilər. “İnter” öz meydanında “Bakı”nı məğlub etməklə digər oyunların nəticəsindən asılı olmayaraq bunu rəsmiləşdirmək, lakin “bankirlər” meydana çıxmadan da ilk “üçlük” və Avropaya vəsiqə qazanmaq imkanına malikdir. Bunun üçün 1 gün əvvəl meydana çıxacaq “Simurq”un “Qəbələ”yə uduzması kifayətdir. Zaqatalada heç-heçə qeydə alınsa, “İnter” uduzmamaqla “Neftçi” ilə “Qarabağ”a qoşulacaq.

Qeyd edək ki, sonuncu – 4-cü vəsiqə “Xəzər Lənkəran” və ya çempionatın 4-cü komandasından birinin olacaq. Bu, çempion və kubok sahibinin kimliyindən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR