Bakı-Novxanı-Sumqayıt avtomobil yolunun iki hissəsinin tikintisi gələn il başa çatdırılacaq

Bakı-Novxanı-Sumqayıt avtomobil yolunun iki hissəsinin tikintisi gələn il başa çatdırılacaq
# 05 avqust 2014 08:59 (UTC +04:00)

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya Ferderasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindəki “Vaz” dairəsi adlanan qovşaqla və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18-ci kilometri ilə birləşəcək.

Layihənin uzunluğu 42 km təşkil edən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb. Hazırda yolun 16,5-22 km, 28-37 km hissələrində tikinti işləri davam etdirilir. Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib. Hazırda ərazidə müxtəlif qazma və tökmə torpaq yatağının tikintisi işləri gedir.

Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 mal-qara keçidində son tamamlanma işləri ilə yanaşı optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə 3 qat asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir.

Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR