Qırğızıstan tarixində ilk dəfə öz milli peykini kosmosa göndərib.
APA xəbər verir ki, bu barədə ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 1-də ABŞ-a işgüzar səfəri çərçivəsində ölkənin ilk milli peykinin buraxılış mərasimində iştirak edib.
Peyk Kaliforniya ştatındakı Vandenberq bazasından “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb. O, eyni raketlə kosmosa göndərilən digər aparatlarla birlikdə buraxılıb. “Transporter-18” missiyasının uğurla həyata keçirildiyi də təsdiqlənib.
Peykin idarə edilməsi Bişkekdə yerləşən idarəetmə mərkəzindən həyata keçiriləcək.
Peykdən kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su hövzələrinin, meşələrin və otlaq sahələrinin monitorinqində, təbii ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsində istifadə olunacaq.
Bundan başqa, peyk yerin təkindən qanunsuz istifadə hallarının, icazəsiz tullantı poliqonlarının və digər çirklənmə mənbələrinin müəyyən edilməsinə imkan verəcək.