Azərbaycanda ilk dəfə olaraq vahid danışıq lüğəti hazırlanır

Azərbaycanda ilk dəfə olaraq vahid danışıq lüğəti hazırlanır
# 18 aprel 2013 09:25 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda ilk dəfə olaraq vahid danışıq lüğəti hazırlanır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli məlumat verib.

Onun sözlərinə görə, vahid orfofonik lüğət ölkədə ortaq danışıq dilini tənzimləyəcək: “Xüsusilə də radio, televiziya işçiləri, auditoriya, ictimaiyyətlə ünsiyyətlə olanlar üçün bu normalara əməl edilməsi vacibdir. Təxminən 50-60 min söz və ifadədən ibarət olacaq lüğətdə sözlərin tələffüzü qaydaları, vurğusu və s. də göstəriləcək. İndiyədək Azərbaycanda belə bir lüğət olmayıb”.

F.Veysəlli deyib ki, hazırda ölkədə dil sahəsində ən ciddi pozuntular internetdə qeydə alınır: “Dilçiliyin inkişafına dair Dövlət Proqramında internet məkanında dil normalarının tənzimlənməsi ilə bağlı müddəa əks olunub. Bununla əlaqədar ayrıca bir proqram hazırlamağı nəzərdə tuturuq. Problemi yaradan əsas amil klaviatura ilə bağlıdır. Azərbaycanın milli klaviaturasının yaradılması ilə əlaqədar məlumatlar verilib. Lakin bu klaviatura hazırlanarkən dilçilərlə heç bir müzakirə aparılmayıb”.

F.Veysəllinin sözlərinə görə, dilçiliyin inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə AMEA və institut tərəfindən xüsusi tədbirlər planı hazırlanacaq, yaxın vaxtlarda ölkədə dil pozuntularına qarşı genişmiqyaslı tədbirlər başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR