“Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur”.
Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, Azərbaycan prezidenti iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirib ki, bizi birləşdirən qədim tarix və yeni tarix var: “Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir. Çünki bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənfəətlərimizə əsaslanır. Hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı amil kimi çıxış edir, işğalçı Ermənistan istisna olmaqla, digər bütün region ölkələri üçün mühüm əməkdaşlıq platforması yaradır. Ona görə də iki ölkənin qarşılıqlı münasibətləri təkcə ikitərəfli münasibətlər kimi deyil, bütövlükdə regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradan münasibətlər kimi nəzərdən keçirilməlidir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük iqtisadi tutuma və ciddi strateji çəkiyə sahib olan layihələr Türkiyəni mühüm infrastruktur dəhlizi halına gətirib: “Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Hazırda isə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Türkiyədə bütün bunlar yüksək qiymətləndirilir. Bundan başqa, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub. Bu dost və qardaş ölkə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticari-iqtisadi tərəfdaşıdır. Əldə edilən bu mühüm nailiyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi, xeyli sayda müqavilələr imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi-mədəni sahəyə hətta hərbi strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Prezident İlham Əliyev qeyd etdi ki ,Türkiyə hazırda dünya gücüdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
H. Babaoğlu Azərbaycan və Türkiyənin öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə apardıqlarını xatırladıb: “Bu məsələyə toxunan prezident İlham Əliyev bildirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı həm də bizim məsələ idi. Doğurdan da əgər bu əməliyyat nəticəsində çoxsaylı terroristlər zərərsizləşdirilməsəydi, bir müddət sonra terrorçu Ermənistan vasitəsilə ölkəmizdə də terror aksiyaları həyata keçirmək ehtimalları əlbəttə, istisna deyildi. Ayrıca Türkiyə Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında, beynəlxalq hüququn tərəfində olub. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin təhlükəsizliyini birlikdə təmin etməsi zərurətini yaradır. Elə prezident İlham Əliyevlə prezident Rəcəb Tayyib Ərdoğan da bunu həyata keçirir, 21-ci əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar. Bu isə təkcə iki ölkənin təhlükəsizliyi deyil, regionda mövcud olan bütün sülhsevər dövlətlərin əməkdaşlığı və təhlükəsizliyidir”.