Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda bir ekoloji çağırışdır.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının baş direktoru Eldar Salahov bildirib.
“Bu, bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir. Qeyd eləməliyəm ki, hazırda Xəzər dənizində dəniz suyunun enməsi ilə bağlı limanda texniki problemlər müşahidə edilmir. Lakin Bakı Limanı olaraq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə artıq tərəfimizdən zəruri tədbirlər həyata keçirilir”, - Eldar Salahov qeyd edib.
Onun sözlərinə görə, yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib, Artıq tenderin nəticələri qiymətləndirilir və yaxın günlərdə artıq yekun müqavilənin şərtlərinin razılaşdırılması nəzərdə tutulur: “Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq”.
Baş direktor əlavə edib ki, prosesin təqribən 1 il yarım davam edəcəyi nəzərdə tutulur: “Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib. Bu qabaqlayıcı tədbirdir və hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu ilə bağlı məhdudiyyətlər müşahidə olunmur”.