Orta Dəhlizin səmərəli və kommersiya baxımından dayanıqlı fəaliyyətinin təmin olunması üçün infrastruktur investisiyaları, rəqəmsallaşma və nəqliyyatdan kənar iqtisadi fəaliyyətlərin inkişafı əsas prioritetlər olmalıdır.
“APA-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, ilk prioritet limanlar, dəmir yolları, dəniz nəqliyyatı infrastrukturu və multimodal logistika obyektlərində mövcud məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş investisiyalardır.
İkinci istiqamət rəqəmsallaşma və koordinasiyanın gücləndirilməsidir. Buraya prosedurların uyğunlaşdırılması, məlumat mübadiləsinin yaxşılaşdırılması, şəffaflığın artırılması və iştirakçılar arasında əməkdaşlığın genişləndirilməsi daxildir.
Üçüncü prioritet isə dəhliz boyunca logistika, istehsal, emal və ixracyönümlü fəaliyyətlərin inkişaf etdirilməsidir.
N. Muravidze vurğulayıb ki, biznes üçün marşrutun ayrı-ayrı hissələrinin deyil, bütün daşınma zəncirinin etibarlılığı, proqnozlaşdırıla bilməsi və xərcləri əhəmiyyət daşıyır.