Avropa İnvestisiya Bankı (AİB) Orta Dəhlizin tərkib hissəsi olan Bakı–Böyük Kəsik dəmir yolu xəttinin təhlükəsizliyinin qiymətləndirilməsi üzrə texniki yardım göstərib.
“APA-Economics” xəbər verir ki, bunu AİB Qrupunun Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Stella Renita Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bank maliyyələşdirdiyi layihələrə kredit vəsaitləri ilə yanaşı, onların hazırlanması və icrası mərhələlərində texniki dəstək də təqdim edir.
S. Renita Azərbaycanda dəmir yolu dəhlizinin təhlükəsizliyinin qiymətləndirilməsi üzrə göstərilən texniki yardımı buna nümunə kimi qeyd edib.
Qeyd edək ki, AİB-in texniki yardımı çərçivəsində 503 kilometrlik Bakı–Böyük Kəsik dəmir yolu xəttində təhlükəsizliyin artırılması imkanları qiymətləndirilib. Bu istiqamətdə həyata keçirilən 10 aylıq texniki yardım layihəsi 2024-cü ildə tamamlanıb.
S. Renita bildirib ki, aparılan qiymətləndirmənin gələcəkdə konkret investisiya layihəsinin həyata keçirilməsinə zəmin yaratması gözlənilir.
AİB rəsmisi vurğulayıb ki, texniki yardım layihələrin hazırlanması və icrasının dəstəklənməsi baxımından bankın maliyyələşmə mexanizmlərinin mühüm tərkib hissəsidir.