SKMF bu ilin əvvəlindən sahibkarlara 90,5 mln. manat güzəştli kredit verib

SKMF bu ilin əvvəlindən sahibkarlara 90,5 mln. manat güzəştli kredit verib
# 23 may 2014 13:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1 860 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 90,5 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 176 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 5900-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Ş. Abdullayev həmçinin bildirib ki, Azərbaycan Respublikası prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi maliyyələşdirilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 27 sahibkarlıq subyektinə 2,2 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, çörək istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR