Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
# 20 iyul 2016 14:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsində 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirədə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, 2016-cı ilin ilk 6 ayı da respublika üçün əlamətdar olub. O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi ölkənin qanunlarını, Nazirliyin Kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasını davam etdirib, şəxsi heyətin məsuliyyət və tələbkarlığın artırılması üçün zəruri tədbirlər görülüb.

Sonra 2016-cı ilin birinci yarısının yekunlarının hərtərəfli təhlil olunduğu, nöqsan və çatışmazlıqların vurğulandığı geniş məruzə müşavirə iştirakçılarına təqdim olunub.

Qeyd olunub ki, hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən “2016 Formula-1“ kimi beynəlxalq tədbirlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub.

İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqlar xüsusi qeyd olunub, onların aradan qaldırılma yolları hərtərəfli müzakirə edilib.

Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2016-cı ilin 1-ci yarısındakı xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin paytaxtda əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR