Mübariz Əhmədoğlu: “İrandakı nümayişlər əhalinin dini və siyasi Tehrana münasibətinin ən yaxşı göstəricisidir”

Mübariz Əhmədoğlu: “İrandakı nümayişlər əhalinin dini və siyasi Tehrana münasibətinin ən yaxşı göstəricisidir”
# 27 fevral 2012 10:35 (UTC +04:00)
Bakı-APA. “İranda dini mərasimlər və dövlət tədbirləri nümayişlərlə müşayiət olunur. İranın dini və icraçı məmurları belə nümayişlərin təşkili və effekti uğrunda çox ciddi səylə iş apardıqları üçün onun güclü təbliğat effektinə də ümid edirlər”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Politoloq qeyd edib ki, İranın dövlət olaraq təbliğatının digər dövlətlərin analoji təbliğatından fərqli xüsusiyyətləri çoxdur: “Söz yox, müasir bəşəriyyət hər cür avtoritar və totalitar, diktator rejimləri gördüyü kimi çoxsaylı təbliğat nümunələri ilə də tanış olub. Hətta liberal-demokratik dəyərləri prioritet qəbul edən bəzi Qərb dövlətləri də təbliğata nəzərdə tutulandan çox yer ayırırlar. İranın təbliğatının əsas dayaqlarından biri zahirilik və ya nümayişkaranəlikdir. İranda zahirilik və ya nümayişkaranəlik kulta çevrilib. Misal üçün, dini məzmunlu kinoda ssenarist və rejissorun hansısa bir dini personajı bilərəkdən və ya bilməyərəkdən təqdim etdiyi forma dini mənbələrə uyğun gəlməsə belə, dini Tehran həmin kinodakı təsvir formasını daha mötəbər qəbul edir. Çünki qədim dini mənbələrə nisbətən kino müasir insanın şüuruna daha yaxşı təsir edir. Qərb tədqiqatçıları, xüsusilə sosioloqları İran cəmiyyətini tanımırlar. Ona görə belə zahirilik və ya nümayişkaranəlik elementləri onlarda effekt yaradır. Məhz Qərb tədqiqatçılarının İran cəmiyyətini tanımamasından dini və rəsmi Tehran öz maraqları üçün effektli şəkildə istifadə edir. İranın Ali dini lideri yaxınlarda Təbrizdə olarkən ölkədəki çoxsaylı mitinqlərdən xüsusi olaraq danışdı və bəzi mətbu orqanlarını belə möhtəşəm mitinqlərə diqqət verməməkdə günahlandırdı. Əslində, bu mitinqlər İran miqyası üçün çoxsaylı deyil. Alternativ çəkiliş qrupu həmin nümayişlərin çəkilişini aparıb mətbuata çıxarsa, texnoloqlar nəyin necə təşkil olunduğunu çox asanlıqla müşahidə edə bilər. Qərb cəmiyyəti və sosioloqları bu mitinqlərdən nə qədər istəsələr qorxa bilərlər, amma bizim üçün bu mitinqlərdə fövqəltəbii heç bir şey yoxdur. Ona görə İranın Qərb üçün nəzərdə tutduğu piar effekt Azərbaycan Respublikasının əhalisinə təsir etməyəcək:
a) Mitinqlərin iştirakçılarının sayının çoxluğuna xüsusi fikir verilir. Dövlət qulluqçuları və hərbçilər öz ailələri və təsiri altındakı qohumları ilə birlikdə mitinqdə iştirak etməlidirlər;
b) Mitinqlərdə əhalinin sıra düzülüşü və yerləri xüsusi qaydada təşkil olunur. Uzun bayraq, plakatlar, ətrafdakı küçələrin qıraqlarındakı maşınlar və ağaclıq say effektinin artırılmasında əhəmiyyətli rol oynayır;
c) İrandakı mitinqləri yalnız bir mənbə çəkə bilər: nəinki xarici televiziyalara, hətta İranın daxilində olan digər kanalların da o mitinqləri çəkməsinə qadağa qoyulmuşdur.
İranda nümayiş iştirakçılarının mümkün sayı barədə anlayış yaratmaq üçün müxtəlif prizmalardan çəkilişlər aparmaq lazımdır. Dini və rəsmi Tehran 70 milyon əhalinin onları tam dəstəklədiyinin iddiasındadır. 70 milyon əhalinin ən azı 50 milyonu həddi-buluğa çatmışlardır və nümayişlərdə iştirak edə bilərlər. İranın dini dövlət olduğu, xüsusilə aşura mərasimi nəzərə alınmalıdır. Kimsə İranda eyni gündə 50 milyon adamın nümayişdə iştirak etdiyini görübsə və yaxud bu barədə Tehranın hər hansı bir mənbəyi belə rəqəm göstəribsə, buyurun, göstərin. Heç vaxt İranda bir gün ərzində dini və dövlət tədbirində 50 milyon adam iştirak etməyib”.

Politoloq bildirib ki, İranda “Bəsiclər”in sayı 11 milyon nəfərdir: ““Bəsiclər” dini hakimiyyətin könüllü müdafiəçiləridir. İranın müxtəlif quruluşlu ordu strukturlarında xidmət edənlərin sayı 1,8 milyon nəfərdir. Jandarm, polis işçilərini də buraya əlavə etsək, hərbiləşdirilmiş strukturlarında xidmət edənlərin sayı 3 milyona çatır. Beləliklə, “Bəsiclər”in sayı ilə hərbiləşdirilmiş intizama tabe olanların sayı təxminən 14 milyon nəfər edir. Bunların hərəsinin bir nəfəri nümayişə gətirməsinin məcburiliyini nəzərə alsaq, İranda 28 milyonluq nümayiş olmalı idi? Kimsə görübmü? Görübsə, buyursun bizə desin.
İranın paytaxtı Tehranda nümayişlərin təşkili ayrı hadisədir. Tehran əksər meqapolislər kimi “qabarma və çəkilmə” effektinə malikdir. 10 milyonluq meqapolis gündüz vaxtı 14-15 milyona çatır. Hər gün Tehrana ətraf şəhər, qəsəbə və kəndlərdən 4-5 milyon adam işləmək, alver etmək, kənd təsərrüfatı məhsulları gətirmək adı ilə daxil olur. Tehrana belə adamları daşıyan avtobusların qabağını kəsməklə, 4-5 milyonluq nümayiş yaratmaq olar. Amma Tehranda bunu da heç kim müşahidə etməyib.
Əhali sosial-iqtisadi baxımdan günü-gündən yeni çətinliklərlə rastlaşır. Müharibədən sonrakı Almaniyada inflyasiya elə bir vəziyyət yaratmışdır ki, maaşlar gündə iki dəfə verilirmiş. Eyni məhsulun qiyməti gündə, ən azı, iki dəfə dəyişirdi. Ədalət naminə deyək ki, İran, xüsusilə Tehran hələ o vəziyyətə çatmayıb. Zəruri malların qiymətlərin artım orta hesabla, iki gündə bir dəfə baş verir. Əhalinin bu rejimi müdafiə etməsi mümkün deyil. İndiki rejimi 11 milyonluq Bəsicin yalnız 1/3 müdafiə edə bilər. Blef İranın bütün sahələrinə, o cümlədən nümayişlərin təşkilinə də nüfuz edib. Rəsmi və dini Tehran ABŞ və İsrailə nisbətən öz əhalisindən daha çox qorxur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR