Bank Of Baku

Sabir Rüstəmxanlı: “Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı”

Sabir Rüstəmxanlı: “Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı”
# 17 noyabr 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə 1988-ci il noyabrın 17-də başlayan mitinqlərdə iştirak etmiş şəxslər və siyasi partiyaların nümayəndələri iştirak edib. VHP sədri Sabir Rüstəmxanlı 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan uzunmüddətli aksiyanın səbəbləri və o zamankı şəraitlə bağlı danışıb. O bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir: “Bu hərəkat elə bir hadisədir ki, bütün bayramlardan yüksəkdə durmalıdır. Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı. O zaman Qarabağın Ermənistana birləşdirilməsi yönündə separatçı hərəkat başlamışdı və Mixail Qorbaçov Qarabağı rüşvətlə ermənilərə vermişdi. Əgər bu hərəkat olmasaydı, Qarabağ sakit şəkildə ermənilərə veriləcəkdi”. S. Rüstəmxanlının sözlərinə görə, həmin vaxt hərəkatı evlərinin pəncərəsindən izləyən, Azərbaycanın bayrağını qəbul etməyən şəxslər bu gün həmin bayramı xalqa unutdurmağa çalışırlar.

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da hərəkatın Azərbaycan tarixində ən şərəfli dövr olduğunu söyləyib. Bununla bərabər o, hərəkatın bəzi mənfi tərəflərini də qeyd edib. F. Qəzənfəroğlu indiyə qədər xalq hərəkatı ilə bağlı ciddi bir araşdırma aparılmadığına diqqət çəkib. Deputat indiki mərhələdə belə araşdırmanın mümkün olmayacağını və zaman keçdikdən sonra bu təhlillərin ortaya çıxacağını deyib.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firudin Pərvizniya və digər iştirakçılar da mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR