Bank Of Baku

AXCP funksioneri: “ADP və AMİP-lə əməkdaşlığımız heç cür mümkün deyil”

AXCP funksioneri: “ADP və AMİP-lə əməkdaşlığımız heç cür mümkün deyil”
# 18 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzinin genişləndirilməsi ilə bağlı danışıqlar davam etdirilir. Hazırkı mərhələdə müxalifət partiyalarının birliyinə mane olacaq amillər barədə isə hələlik bir söz demək olmaz”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, müzakirələrə ən müxtəlif layihələr təqdim edilir: “Seçki kampaniyası dövründə əməkdaşlıq etmiş partiyaların bundan sonra əməkdaşlığının eyni şəkildə davam etdirilməsi, bu əməkdaşlığın daha da dərinləşməsi, tərkibin genişləndirilməsi və əməkdaşlığın bütün müxalifəti əhatə etməsi, ayrı-ayrı siyasi partiyalarla daha dərin münasibətlər quraraq müttəfiqlik münasibətləri yaradılması və s”.

A. Hacılı bildirib ki, müzakirələr Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan partiyalar, ADP, KXCP, AMİP və 2003-cü ildə Müsavatla müttəfiq olmuş bir sıra partiyalar arasında aparılır: “Amma bu danışıqlar müsbət nəticə verməsə, əməkdaşlıq bir qədər dar çərçivədə olacaq”. A. Hacılı müzakirələrin bir neçə həftəyə yekunlaşacağını qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov da müzakirələrin hələ bitmədiyini qeyd edib. H. Kərimov APA-ya bildirib ki, müzakirələr 2009 və 2010-cu illərdə MƏM-in əsas hədəfləri ilə bağlıdır: “Gələcəkdə mərkəzin bloka çevrilmək, bələdiyyə və parlament seçkilərində birgə iştirak etmək, KXCP-nin də bura daxil olması müzakirə olunur. Yeni ilə kimi bu müzakirələr yekunlaşacaq və MƏM siyasi bloka çevrilməsində problem yaranmayacaq. Tərəflər arasında hələlik prinsipial fikir ayrılığı yoxdur”.

AMİP və ADP-nin yeni birliyə daxil olması barədə A. Hacılının dediklərinə gəldikdə, H. Kərimov bildirib ki, bu barədə söhbət belə gedə bilməz: “Onlar müxalifət mövqeyindən geri çəkilmiş partiyalardır və AXCP onlarla hər hansı əməkdaşlığı mümkün saymır. Bu, çox çətin məsələdir. Arif Hacılının dedikləri Müsavat Partiyasının mövqeyidir, amma biz adıçəkilən partiyalarla hər hansı əməkdaşlıq haqda fikirləşmirik”.

Qeyd edək ki, prezident seçkilərindən əvvəl yaradılmış MƏM-də Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR