Bank Of Baku

Lalə Şövkət: “Müsavatın müttəfiqlik məsələsində ayrı-seçkilik salmasından təəssüflənirəm”

Lalə Şövkət: “Müsavatın müttəfiqlik məsələsində ayrı-seçkilik salmasından təəssüflənirəm”
# 25 noyabr 2008 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat Partiyası siyasi vəziyyətin demokratikləşməsi istiqamətində fəaliyyət göstərən və ya bunda maraqlı olan bütün təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Biz müxtəlif siyasi partiyalarla da daha dərin əməkdaşlığa gedən və hətta müttəfiqliyə yaxınlaşan münasibətlər qurmağa hazırıq, AXCP-ni də bu sırada görürük”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Bu fikirlərini hələ bir müddət əvvəl açıqladıqlarını qeyd edən A. Hacılı qarşı tərəfin fərqli mövqe ortaya qoyduğunu bildirib: “Kimsə bizim üçün müttəfiq seçə bilməz. Bütün partiyalarla əməkdaşlığa hazırıq, lakin müttəfiq seçimində özümüz qərar verəcəyik ki, Liberal Partiyası, Vətəndaş və İnkişaf partiyaları ilə bu münasibətləri qururuq, ya yox... Bizi kimlərləsə müttəfiqliyə təhrik etmək siyasi etikadan kənar hərəkətdir. “Mən səninlə müttəfiqliyi o şərtə gedirəm ki, sən mənim müttəfiqlərimlə də müttəfiqlik edəsən” fikri, əslində, əməkdaşlığın qarşısının alınmasına xidmət edir. Bu, gün kimi aydındır. Qarşı tərəfin bu cür qeyri-konstruktiv mövqeyindən təəssüflənirəm”.

A. Hacılı bildirib ki, hazırda AXCP ilə Müsavatın daxili və xarici siyasi kursu, hədəfləri bir birinə kifayət qədər yaxındır: “Şəxsən, mən bu gün AXCP-ni Azərbaycan hakimiyyətinə qarşı həqiqi müxalifət partiyalarından biri hesab edirəm. Ona görə də düşünürəm ki, bizim AXCP ilə ən azı nəzəri cəhətdən müttəfiqliyimiz mümkündür”. Lakin A. Hacılı Müsavatın ALP, VİP və “Azərbaycan Naminə” İctimai Forumla müttəfiqliyin tərəfdarı olmamasının səbəblərinə konkret aydınlıq gətirməyib.

“Azadlıq” blokunun həmsədri, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə APA-ya həm blokun, həm də rəhbərlik etdiyi hərəkatın həmişə birlik tərəfdarı olduğunu deyib. Müxalifətin Əməkdaşlıq Mərkəzində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində aparılan müzakirələrdə aktiv iştirak etdiklərini deyən L. Şövkət prosesin müsbət başa çatması üçün lazım olan addımların atıldığını qeyd edib: “Əfsuslar olsun ki, bu gün Müsavat Partiyası bunun əleyhinə çıxır. Mən çox təəssüflənir və təəccüblənirəm. Çünki indiki ağır vəziyyətdə ayrı-seçkilik salmaq nəinki müxalifət, ümumilikdə cəmiyyətin üçün o qədər də məqsədəuyğun deyil. Blokda bununla bağlı müzakirə aparılıb və heç bir fikir ayrılığı yoxdur. Hətta Eldar Namazov da “Azadlıq” bloku ilə eyni mövqe sərgiləyir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə APA-ya açıqlamasında Müsavat Partiyasına AXCP ilə müttəfiqlik təklifi etdiyi üçün təşəkkür edib: “Amma başa düşə bilmirəm ki, nəyə görə siyasi kursu AXCP ilə eyni olan digər qüvvələr bu müttəfiqlikdə iştirak edə bilməz?” Ə. Kərimli bildirib ki, onlar ölkədəki siyasi situasiyanı dəyişmək məqsədilə məhz seçkilər ərəfəsində və seçkidən sonra əməkdaşlıq etdikləri təşkilatlara münasibətləri daha da dərinləşdirməyi təklif ediblər. Hazırda bu təklifin müzakirə edildiyini deyən partiya sədri Müsavat Partiyasından da “yox” cavabı almadıqlarını vurğulayıb: “Hesab edirəm ümid edirəm ki, bu müzakirələr uğurla başa çata bilər. Hazırda müzakirə olunan sənəddə birbaşa müttəfiqlik nəzərdə tutulmur. Şəxsən, mən hesab edirdim ki, biz həm ölkədəki siyasi vəziyyəti dəyişmək, həm də gələcəkdə keçiriləcək seçkilərdə birgə iştirak etmək üçün ciddi koalisiya yarada bilərik. Lakin bəzi həmkarlarımız hələlik seçkilərlə bağlı vahid koalisiyanın yaradılmasını tələskənlik hesab edirlər. Mən bu reallığı artıq qəbul etmişəm. Ona görə də hazırda bizim müzakirələrimizdə birbaşa müttəfiqlik məsələsindən danışılmır. Ölkədəki bir sıra problemin həlli üçün Müxalifətin Əməkdaşlıq Mərkəzində daha dərin əməkdaşlıq istəyirik. Əgər bu məsələlərdə də Müsavat Partiyası Müxalifətin Əməkdaşlıq Mərkəzi daxilində əməkdaşlıq etmək istəmirsə, bu mənim üçün təəccüblü olar. Mən hələ də buna inanmaq istəmirəm və Müsavatın rəsmi mövqeyini gözləyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR