Bank Of Baku

Zəlimxan Yaqub: “Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır”

Zəlimxan Yaqub: “Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır”
# 01 dekabr 2008 14:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Konstitusiyasında bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır”. Bunu APA-ya açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib. Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi tərəfindən bu yöndə irəli sürülən təklifləri ürəkdən alqışladığını, ikiəlli müdafiə etdiyini vurğulayan Z. Yaqubun sözlərinə görə, Azərbaycan xalqının son 15-20 ildə keçdiyi yol onu göstərdi ki, qarşıya çıxan faciələr həyatın acı dərsləridir və bu dərslərdən ibrət alınmalıdır: “İlham Əliyevin ilk beş illik fəaliyyəti təkcə Azərbaycana yox, bütün dünyaya sübut etdi ki, xalq öz seçimində yanılmayıb. O, ilk prezidentlik dövründə xalqa vəd etdiklərini artıqlaması ilə yerinə yetirdi. Bunun nəticəsində xalq daha böyük məhəbbətlə onu özünə yenidən prezident seçdi. İkinci müddətdə də Azərbaycan və onun regionları tanınmaz dərəcədə inkişaf edəcək. 90-cı illərdə hakimiyyətin tez-tez əldən-ələ keçməsi, siyasi havaların tez-tez dəyişməsi Azərbaycana baha başa gəldi. Həm o tarixi təcrübə, həm də Heydər Əliyev siyasi ənənəsinin davamı, varisliyin qırılmaması və davam etdirilməsi üçün İlham Əliyev ikinci prezidentlik dövründə daha böyük uğurlar qazanacaq və bu da xalqa imkan verəcək ki, üçüncü dəfə yenidən öz layiqli oğlunu özünə prezident seçsin. Amma hazırda bizim Konstitusiyada üçüncü dəfə prezident seçilməyə məhdudiyyət var. Hesab edirəm ki, Konstitusiyanın bu maddələrinə dəyişiklik olunmalı, qoyulan məhdudiyyət götürülməlidir. Çünki bu mərhələdə İlham Əliyevə alternativ görmürəm”.

Belə bir dəyişikliyin Avropa tərəfindən etirazla qarşılanacağı ilə bağlı ehtimallara gəldikdə, xalq şairi Avropanın mövqeyinin onu maraqlandırmadığını qeyd edib: “Çünki Avropa 20 ildir işğal olunmuş torpaqlarla maraqlanmayıb. Mənim taleyimi kim həll etməlidir? Mən Azərbaycan xalqının, Qarabağın taleyi üçün kimə arxayınamsa, onun arxasında dayanıram. Avropa bunu bəyənsə də özü bilər, bəyənməsə də. Avropa Azərbaycanla maraqlansaydı, zəhmət çəkib bu 20 ildə bir dəfə deyəydi ki, Azərbaycanın torpaqları işğal olunub. ATƏT, BMT, İslam Konfransı Təşkilatı, dünyanın mötəbər təşkilatları Azərbaycana yanaşanda öz havalarını çalmasınlar. Mənim maraqlaramı kimlər müdafiə edirsə, o mənim üçün əsasdır. Mən Avropanın rəyini əsas hesab etmirəm. Məni Azərbaycanı bütövləşdirməyə can atan, torpaqları azad etməyə çalışan, iqtisadi yüksəlişi təmin edən, ordunu gücləndirən bir dövlət maraqlandırır ki, onun da başında İlham Əliyev durur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR