Bank Of Baku

“Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması” mövzusunda dəyirmi masa keçirilib

“Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması” mövzusunda dəyirmi masa keçirilib
# 02 dekabr 2008 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Atlas” Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması” mövzusunda bu gün dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə mərkəzin rəhbəri Elxan Şahinoğlu məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə ilk dəfə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl 90-cı illərin sonlarında çıxış edib. Lakin o zaman bu platformaya daxil olması nəzərdə tutulan dövlətlər bu təklifə tam dəstək vermədiyindən təşəbbüs həyata keçirilməyib. E. Şahinoğlu sonrakı mərhələdə bu təklifin unudulduğunu, lakin bu il Rusiya ilə Gürcüstan arasında başlayan müharibədən sonra Türkiyənin baş naziri tərəfindən bu məsələnin yenidən gündəmə gətirildiyini xatırladıb. Onun sözlərinə görə, hazırda Rusiyanın Türkiyəyə münasibəti əvvəlki illərdən fərqlidir. Ermənistan Türkiyə münasibətlərində də yaxınlaşmanın olduğunu deyən məruzəçi Ermənistan rəhbərliyinin sözdə bu təklifləri dəstəklədiyini qeyd edib: “Amma Ermənistan əməldə bu istiqamətdə hələlik konkret addım atmayıb və bundan sonrakı mərhələdə də hər hansı addım atacağı, Dağlıq Qarabağ məsələsində, qondarma “erməni soyqırımı” iddiasından geri çəkiləcəyi inandırıcı görünmür”.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Cem Örnəkol Türkiyənin əsas hədəflərindən birinin Qafqazda sabitlik olduğunu deyib. Onun sözlərinə görə, bölgədə barışın əldə edilməsi üçün vacib olan nöqtələr tapılmalıdır. Səfirlik təmsilçisi nəzərdə tutulan platformaya qatılacaq dövlətlərin gələcəyinin daha yaxşı və zəmanətli olacağına inandığını qeyd edib. Onun sözlərinə görə, hazırda platformanın fəaliyyət istiqamətləri ilə bağlı layihə hazırlanır.

“İnam” Plüralizm mərkəzinin rəhbəri Vahid Qazi isə qeyd edib ki, platformanın yaranması Ermənistan, Rusiya və Gürcüstan üçün müəyyən dividentlər gətirə bilər: “Bəs burada Azərbaycanın qazancı nə olacaq? Ermənistanın Azərbaycan torpaqlarından çəkiləcəyi də gözlənilmir. Rusiya belə bir platformanın yaranmasına ona görə razılıq verdi ki, Qafqaza NATO-nun daxil olmasındansa, Türkiyənin daxil olmasını üstün tutur”.

Politoloq Rasim Musabəyov isə ümumilikdə bu təşəbbüsün normal olduğunu bildirib: “Amma mənə elə gəlir ki, bu platforma Qafqazda problemlərin həllinə nail ola bilməz. Platforma çərçivəsində yalnız dialoq aparmaq mümkün ola bilər. Hər hansı konkret addımların atılacağı isə inandırıcı görünmür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR