Bank Of Baku

Deputatlar Milli Məclisdə Dağlıq Qarabağla bağlı müzakirələrin aparılmasını təklif ediblər

Deputatlar Milli Məclisdə Dağlıq Qarabağla bağlı müzakirələrin aparılmasını təklif ediblər
# 02 dekabr 2008 12:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclası cari məsələlərin müzakirəsi ilə başlayıb. APA-nın xəbərinə görə, millət vəkili Sabir Rüstəmxanlı Bakıda Şəhriyar adına Mədəniyyət Sarayının qarşısında böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın heykəlinin qoyulmalı olduğunu xatırladaraq həmin yerdə fəvvarə tikildiyini qeyd edib: “Bir müddət əvvəl Məmməd Əmin Rəsulzadənin də heykəli qoyulacaq yerdə fəvvarə tikdilər. Nə vaxta qədər belə olacaq?”

Deputat İqbal Ağazadə S. Rüstəmxanlının mövqeyini dəstəkləyib. Z. Əsgərov isə deyib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

İ. Ağazadə, həmçinin, MM-də Qarabağ problemi aparılan danışıqlar barədə müzakirələr aparılmasını təklif edib. O, sonuncu dəfə belə müzakirələrin 8 il əvvəl aparıldığını qeyd edib və Ermənistanda bu məsələnin müzakirə edildiyini xatırladıb. Millət vəkili, həmçinin, Qurban bayramı münasibətilə həbsdəki jurnalistlərin azadlığa buraxılmasını təklif edib.

Siyavuş Novruzov isə Azərbaycanda bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib. İ. Ağazadənin təkliflərinə də münasibət bildirən YAP-çı deputat qeyd edib ki, Qarabağ probleminin həlli ilə bağlı İlham Əliyev ən sərt mövqe bildirib, Milli Məclisdə Qarabağla bağlı aparılan danışıqların detallarının tam açıqlanmasına ehtiyac yoxdur. Həbsdəki jurnalistlərin azad edilməsi məsələsinə gəlincə, S. Novruzov hər kəsin peşəsinə görə yox, törətdiyi cinayətə görə cəza çəkdiyini söyləyib.

Deputat Əli Əhmədov isə Ermənistandan deportasiya olunan azərbaycanlılarla bağlı danışıb. Son deportasiyadan 20 il ötdüyünü qeyd edən Ə. Əhmədov bu siyasətə beynəlxalq səviyyədə münasibət bildirilmədiyini vurğulayıb.

Millət vəkili Cəmil Həsənli də onun mövqeyini dəstəkləyib. Deputat deyib ki, deportasiya məsələsi dövlət səviyyədə qeyd olunmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də Qarabağla bağlı aparılan danışıqlar barədə Milli Məclisdə müzakirələr açılmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR