Bank Of Baku

Millət vəkilləri Xəzərin 20-50 metrliyində tikinti aparılmasına icazə verən dəyişikliyə etiraz ediblər

Millət vəkilləri Xəzərin 20-50 metrliyində tikinti aparılmasına icazə verən dəyişikliyə etiraz ediblər
# 02 dekabr 2008 12:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov sənəd haqqında məlumat verərək deyib ki, sözügedən dəyişiklik Xəzər dənizinin sahillərində aparılan tikintilərlə bağlıdır. İndiyə qədər Xəzər dənizinin 80-130 metrlik məsafəsinə qədər tikintiyə icazə verilmədiyini qeyd edən komissiya sədri deyib ki, dəyişikliyə əsasən məsafə 20-50 metrə qədər azaldılıb. E. İbrahimovun sözlərinə görə, artıq Xəzər sahillərində kifayət qədər ev tikilib və qanunvericiliyə dəyişikliyin edilməsi əhalinin mülkiyyət hüququnun qorumasına xidmət edir.

Lakin layihə bəzi deputatlar tərəfindən etirazla qarşılanıb. Deputat Pənah Hüseyn qanunvericiliyə dəyişikliyin əhalinin mənafeyinə xidmət etmədiyini deyib: “Qaradağdan Ələtə qədər dənizi hasara alıblar. Dünyanın heç yerində belə hal yoxdur. Mən bununla bağlı prezidentə müraciət edəcəyəm ki, qanunu təsdiqləməsin. Dünyanın hansı dənizinin sahili bu gündədir?”

YAP-çı deputat Mübariz Qurbanlı da isə Xəzər dənizinin hasara alınmasının əleyhinə olduğunu bildirib: “Bu, təbiəti zorlamaqdır. İnsanların dəniz kənarına getmək hüququnu məhdudlaşdırmaq olmaz”.

Millət vəkili Qənirə Paşayeva da “Xəzər sahilindəki bu vəziyyəti dünyanın heç yerində görmək olmaz” deyib. O, qanunvericiliyin pozulmasına görə, 15-20 manat cərimə nəzərdə tutulduğunu qeyd edərək, bunun çox cüzi məbləğ olduğunu söyləyib. Millət vəkili deyib ki, bu cərimələrin miqdarı artırılmalıdır.

Deputat Siyavuş Novruzov isə təyyarə ilə Bakının üstündən keçəndə Xəzər sahillərinə çəkilən daş hasarların aydın göründüyünü deyib: “8 metr hündürlüyündə daş hasar olmaz. Bunun mənası yoxdur. Bu cəmiyyətdən təcrid edilməkdir. Dəniz görünməlidir”.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə qeyd edib ki, dünyanın hər yerində belə hallar var: “Bosfor boğazının bir addımlığında evlər tikilib. Amma qayda-qanuna əməl olunmalıdır”.

15 deputat əleyhinə olmaqla dəyişikliklərlə bağlı qanun layihəsi qəbul olunub.

Milli Məclis, həmçinin, Azərbaycanla Meksika və Azərbaycanla Slovakiya arasında bir sıra saziş layihələrini də təsdiq edib.

Daha sonra Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi yubileyi medalının təsis edilməsi haqqında qanun layihəsi qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR