Bank Of Baku

Azərbaycanda yaşayan 13 min Ahıska türkü repatriant statusu almaq üçün ərizə verib

Azərbaycanda yaşayan 13 min Ahıska türkü repatriant statusu almaq üçün ərizə verib
# 13 fevral 2009 09:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda yaşayan Ahıska türklərindən 13 min nəfəri repatriant statusu almaq üçün ərizə verib. Ailə üzvlərini də nəzərə aldıqda bu, təxminən 40 minə yaxın insan deməkdir. Artıq 2100 nəfərin sənədləri ingilis və gürcü dillərinə tərcümə olunaraq Gürcüstanın Azərbaycandakı səfirliyinə verilib”. Bunu APA-ya açıqlamasında Ahıska türklərinin Azərbaycandakı “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov deyib. Hazırda bütün dünyada yarım milyona yaxın Ahıska türkünün yaşadığını xatırladan İ. Burhanov türklərin 1944-cü ildə Gürcüstandakı 5 rayonun 224 kəndindən sürgün olunduqlarını bildirib. Hazırda həmin kəndlərin 82-si boşdur. Ahıska türkləri də məhz həmin kəndlərdə məskunlaşmaq arzusundadır. Cəmiyyət sədri hazırda Gürcüstan hökumətinin geri dönmək istəyənlərin ərizələrini topladığını, ərizələrin baxılma müddətinin bir il olduğunu, repatriant statusu alındıqdan sonra köçün başlanacağını söyləyib: “Geri qayıtmaq üçün iki yolumuz var. Biri sərbəst köçdür. İmkanı olan həmvətənlərimiz gedib orada torpaq alırlar. Avropa Birliyi nə qədər Ahıska türkünün geri dönmək istədiyini dəqiqləşdirəcək. Yardımlar da buna əsasən veriləcək. Amma bu proses tez yekunlaşmayacaq. Çünki ərazidə gərək evlər, yollar, məktəblər olsun”.

İ. Burhanov qeyd edib ki, Ahıska türklərinin ən böyük problemi maliyyə problemidir: “Status almaq üçün 15-ə yaxın sənəd tələb olunur. Bu sənədləri toplamaq çox çətindir. 33 sualdan ibarət olan ərizə anketini doldurma mexanizmi də çətindir. Çünki Ahıska türklərinin 95 faizi kənd təsərrüfatı sahəsində çalışan insanlardır. Onlar bu anketi doldura bilmirlər. Buna görə də biz layihələr yazdıq, xüsusi təlimatçılar hazırladıq, Avropa Şurasının, Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə təlimlər keçdik. Amma Azərbaycanda bir yerdən sənəd almağın necə çətin olduğunu özünüz bilirsiniz. Bu sənədlər Gürcüstanın qanunlarına tam uyğun olmalıdır. Sənədləri ingilis, gürcü dilinə tərcümə etdirmək, notariusda təsdiqlətdirmək lazımdır. Bütün bunlar hər insan üçün 75 manata başa gəlir. Hər ailənin isə bir neçə üzvü var. Bu ailələr həmin sənədləri necə düzəltsinlər? Problemin həllinin başqa yolları aranmalıdır. Beynəlxalq təşkilatlar bu məsələdə Ahıska türklərinə kömək etməlidir”.

Ahıska Türklərinin Millətlərarası “Vətən” Cəmiyyətinin sədri Süleyman Barbakadze isə Gürcüstan parlamentinin 2007-ci il iyulun 11-də türklərin vətənə dönməsi ilə bağlı qanun qəbul etdiyini xatırladıb: “Qanun nəzərdə tuturdu ki, bir il müddətində vətənə qayıtmaq istəyən Ahıska türkləri geri dönməklə bağlı ərizə versinlər. Lakin bu bir il ərzində bizdən asılı olmayan səbəblər üzündən bu prosesi başa çatdıra bilmədik. Ona görə də Gürcüstan hökuməti repatriant statusu almaq üçün ərizələrin qəbulunu 6 ay uzatdı. Biz bu mərhələnin 2009-cu ilə qədər uzadılmasını tələb edəcəyik”. S. Barbakadzenin sözlərinə görə, hələlik Ahıska türklərinə Gürcüstan hökuməti tərəfindən kompensasiya verilməsi nəzərdə tutulmur: “Gürcüstan tərəfi bildirib ki, Ahıska türklərini onlar sürgün etməyiblər. Həqiqətən də Ahıska türklərini o vaxtkı SSRİ dövləti sürgün edib. Lakin Gürcüstan dövləti Ahıska türklərinin geri dönməsi ilə bağlı köməklik göstərmək üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR