Bank Of Baku

İqdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan: “Biz ticarətçi olaraq, Ermənistanla sərhədlərin açılmasına tərəfdar deyilik”

İqdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan: “Biz ticarətçi olaraq, Ermənistanla sərhədlərin açılmasına tərəfdar deyilik”
# 02 fevral 2007 09:29 (UTC +04:00)
Bu sözləri İqdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan bölgədə səfərdə olan Azərbaycanın bir qrup KİV rəhbəri ilə görüşdə deyib. APA-nın məlumatına görə, Kamil Arslan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün üç mühüm şərtin yerinə yetirilməsini vurğulayıb. “İlk öncə Ermənistan işğal altında olan Azərbaycan torpaqlarını tərk etməlidir. Digər şərtlər isə Türkiyəyə qarşı ərazi iddialarının imtina edilməsi və saxta soyqırımı iddialarından vaz keçilməsidir. Yalnız bundan sonra dövlətin qəbul edəcəyi qərar əsasında Ermənistanla sərhədlər açıla bilər”. Kamil Arslan İqdırla Azərbaycan arasında iqtisadi əlaqələrin kifayət qədər yüksək rəqəmlərlə ifadə olunduğunu, lakin bu rəqəmlərin gerçək potensialı əksə etdirmədiyini deyib. “1992-ci ildə Naxçıvanla İqdır arasında “Həsrət körpüsü” adlanan Dilucu sərhəd-keçib məntəqəsi fəaliyyətə başlayan zaman bölgəmizin 26 min əhalisi vardı. İqdırın iqtisadi önəminin artması müəyyən çətinliklər üzündən bölgənin tərk edərək başqa ərazilərə köçən soydaşlarımızın geri qayıtmasına səbəb oldu. Qısa müddət ərzində vilayətin əhalisinin sayı 50 min nəfəri keçdi. Hazırda İqdır əhalisinin sayı 178 min nəfərdir, onların 60 min nəfəri şəhər mərkəzində, digərləri kəndlərdə yaşayır. 1993-1995-ci iilərdə Naxçıvanla İqdır arasında illik ticarət dövriyyəsi 3 milyon dolları keçməmişdisə, sonralar mazut ticarəti dönəmində bu rəqəm 76 milyon dollara çatıb. Hazırda İqdırla Naxçıvan arasında illik ticarət dövriyyəsi 25 milyon dollardır”. Kamil Arslan Azərbaycanla mazut ticarətinin İqdırın iqtisadi cəhətdən inkişafına mühüm təsir göstərdiyini, bu ticarətin dayanmasının isə bölgədə ən çox kənd təsərrüfatı sektoruna ziyan vurduğunu bildirib. “2000-ci ildə Azərbaycandan İqdıra motor yağları, dizel və mazut gətirilməsi dayandıqdan sonra bölgənin sürətlə inkişaf etməkdə olan kənd təsərrüfatı sektorunda böhran yaşandı. Azərbaycandan ucuz yanacaq idxalı imkanları mövcud idi, bunu nəzərə alan bölgə əhli kənd təsərrüfatı texnikası almağa və məhsuldarlığı artırmağa meyl göstərirdi. Təkcə İqdırda o zaman 5.800 ədəd kənd təsərrüfatı texnikası alınmışdı, lakin yanacaq idxalı dayandıqdan sonra bu proses dayandı. İnsanlar 5000 7000 dollar verərək aldıqları texnikanı heç 1000 dollara da sata bilmədilər. Azərbaycanın İqdırdan keçməklə Türkiyəyə yenidən dizel və mazut satışını bərpa etməsi bölgəmizin iqtisadi cəhətdən inkişafına müsbət təsir göstərərdi, əminəm ki, azərbaycanlı soydaşlarımız, ölkə rəhbərliyi bu ricamızı nəzərə alacaqlar”. Kamil Arslan Azərbaycanla İqdır vilayəti arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün İqdır hava limanının fəaliyyətə başlamasının vacibliyini önə çəkib. “Əgər hava limanımızın tikintisi başa çatsa, o zaman bu həm iki ölkə arasında sərnişin daşımalarının həcminin artmasına, həm də birbaşa iqtisadi əlaqələrin qurulmasına müsbət təsir göstərər. Naxçıvanda istehsal olunan kənd təsərrüfatı məhsulları İqdırda realizə edilir. Əgər İqdır hava limanı fəaliyyətə başlasa o zaman Naxçıvanda istehsal olunan məhsulu ölkənin ən müxtəlif yerlərinə ixrac etmək olar. Bu da Naxçıvan xalqının kəndə təsərrüfatına marağını daha da artırmış olacaq. Bu mənada İqdır hava limanının açılması həm bizim bölgənin, həm də Naxçıvanın daha da inkişafına müsbət təsir göstərə bilər”. Kamil Arslan hava limanının tikintisinin başa çatdırılmasına Azərbaycanın da maraq göstərəcəyinə ümid bəslədiyini vurğulayıb. İqdırlı iş adamlarının Bakı, Sumqayıt və Gəncədə iqtisadiyyatın müxtəlif sahələrinə 55 milyon dollar sərmayə yatırdıqlarını deyib. “Bizim iş adamlarımız Azərbaycana sərmayə yatırmağa böyük maraq göstərir. Bizlər də üzərimizə düşən vəzifəni yerinə yetirərək öz iş adamlarımız arasında Azərbaycana sərmayə yatırılması ilə bağlı iş aparırıq. Bundan başqa azərbaycanlı qardaşlarımızın da İqdır iqtisadiyyatına sərmayə qoymaq imkanları var. Qardaşlarımızın bölgəyə sərmayə yatırmasını istəyirik, təki istək olsun, biz tərəfdən nə lazımdırsa, etməyə hazırıq. Azərbaycan iş adamları bölgədə emal sənayesi sektoruna sərmayə yatıra bilərlər. İqdır iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bizim 118 min hektar problemsiz suvarılan əkin ərazilərimiz var. Lakin kənd təsərrüfatı məhsullarının emalı işi bölgədə o qədər də inkişaf etməyib. Bu baxımdan azərbaycanlı iş adamları üçün İqdırda şəkər zavodu, konserv zavodu ərzaq istehsal edən müəssisələr açmaq üçün münbit şərait var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR