Bank Of Baku

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsini qadağan edən əlavənin qanuna daxil edilməsi barədə qərar absurddur

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsini qadağan edən əlavənin qanuna daxil edilməsi barədə qərar absurddur
# 05 fevral 2007 08:20 (UTC +04:00)
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevin APA-ya eksklüziv müsahibəsi

- Azərbaycanın ABŞ-dakı səfirliyinin 2006-cı ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- 2006-cı il Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi və gücləndirilməsi baxımından əlamətdar olub. Ötən ilin aprelində Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda ilk rəsmi səfərdə olub, bu səfər ikitərəfli əlaqələrin inkişafına, bu çərçivədə siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi təkan verib. 2006-cı ildə baş tutmuş digər yüksək səviyyəli səfərlər içərisində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dekabrda Amerikanın birinci xanımı Lora Buşun dəvəti ilə Vaşinqtona xüsusi əhəmiyyət kəsb edən səfərini və onun ikitərəfli, əsasən, humanitar və mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfəni qeyd etmək istəyirəm. 2006-cı ildə Amerikanın terrora qarşı qlobal mübarizəsində Azərbaycan özünü etibarlı müttəfiq kimi göstərib, iki ölkə arasında bu sahədə sıx əməkdaşlıq davam etdirilib. Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Xəzərin neft və qaz ehtiyatlarının əhəmiyyətini və Azərbaycanın regionda strateji ölkə olmasını nəzərə alaraq, iki ölkə arasında enerji təhlükəsizliyi üzrə dialoqa yeni təkan verilib. 2007-ci ildən etibarən bu dialoqun yüksək rütbəli dövlət rəhbərləri səviyyəsində ildə bir dəfə keçirilən iclaslar formatında aparılması gözlənilir. Keçən il iki ölkə arasında münasibətlərin uğurla inkişaf etməsi nəticəsində iqtisadi sahədə ikitərəfli əlaqələr əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldilib və bu xüsusda Azərbaycan-ABŞ iqtisadi əməkdaşlıq üzrə işçi qrupu İqtisadi Tərəfdaşlıq Komissiyası ilə əvəz edilir. Komissiyanın ilk iclası bu il fevralın 7-də Bakıda keçiriləcək. Bu əlaqələrin inkişafında səfirliyin də xidmətləri olub.
- 2007-ci il üçün Azərbaycanla ABŞ arasında hansı ikitərəfli səfərlər və sənədlərin imzalanması nəzərdə tutulur?
- Fevralın ilk ongünlüyündə Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Kolin Qraffinin, habelə Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ilk iclası çərçivəsində ABŞ Dövlət Departamentinin və Ticarət Nazirliyinin yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri planlaşdırılır.
Hazırda səfirlik tərəfindən Nümayəndələr Palatası üzvlərinin bir qrupunun Azərbaycana səfəri istiqamətində iş aparılır.
- Azərbaycan - ABŞ münasibətlərinin indiki səviyyəsi Sizi qane edirmi?
- Ümumilikdə iki ölkə arasında münasibətlərin inkişaf tempi bizi qane etsə də, qarşıda görüləcək işlər çoxdur. Ancaq keyfiyyət baxımından ikitərəfli əlaqələrdə müəyyən dissonans mövcuddur. O da artıq anaxronizmə çevrilmiş “907-ci düzəliş”dir. Onun mövcudluğu nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına xidmət edir.
Təəssüfləndirici haldır ki, iki ölkə arasında isti münasibətlər ABŞ Konqresində ölkəmizlə bağlı cərəyan edən hadisələrlə uyğunlaşmır. Buna ən yeni nümunə kimi, ötən il ABŞ Konqresinin İdxal-İxrac Bankı (ExİmBank) haqda qanuna Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməməsi ilə bağlı əlavəsini göstərmək olar. Bu, bir daha göstərir ki, ölkəmizin maraqlarının ABŞ-da təmin olunması və Azərbaycana qarşı yönəlmiş addımların qarşısının alınması üçün səylərimizi daha da artırmalıyıq. Fikrimcə, bu istiqamətdə fəaliyyət yalnız Azərbaycan üçün deyil, ümumilikdə ABŞ-la ikitərəfli münasibətlərin inkişafı baxımından da əhəmiyyətlidir. İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf etməkdədir. 11 sentyabr hadisələrindən sonra “907-ci düzəliş”in tətbiqi müvəqqəti olaraq dayandırılıb və bu, Azərbaycana ABŞ-dan təhlükəsizlik sahəsində müxtəlif proqramlar çərçivəsində yardım almağa imkanlar yaradıb. Azərbaycanın hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılması istiqamətində islahatların keçirilməsi, sərhədlərin mühafizəsinin möhkəmləndirilməsi, Xəzər dənizində neft-qaz yataqları və neft borularının təhlükəsizliyinin təmin edilməsi, narkotik maddələrin yayılmasının qarşısının alınması və hüquq-mühafizə orqanlarının gücləndirilməsi sahəsində ABŞ Azərbaycana yardımlar göstərir.
İki ölkə arasında ikitərəfli ticarətin hazırkı həcmi cəmi 184 milyon dollardır. Əlbəttə ki, bu, qənaətbəxş deyil və qarşılıqlı ticarətin artırılması, diversifikasiyası əldə olunmalıdır. Həmçinin, ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində işlərin davam etdirilməsi zəruridir. Bu xüsusda İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclası zamanı qəbul ediləcək qərarlar vacib rol oynayacaq.
- Səfirliyin ABŞ-dakı Azərbaycan diasporu ilə əlaqələri hansı səviyyədədir? Diasporun fəaliyyəti Sizi qane edirmi? Azərbaycanın diaspor təşkilatları türk diasporu ilə birlikdə bu ölkədəki Ermənistan lobbisinin antitəbliğatının qarşısını almaq istiqamətdə hansı addımlar atır?
- 2006-cı ildə səfirliyimiz Amerikada mütəşəkkil və işlək diasporun yaradılması istiqamətində yerli Azərbaycan icmaları və cəmiyyətləri ilə aparılan işi davam etdirib. Belə ki, səfirlik həmvətənlərimiz tərəfindən təşkil edilmiş tədbir və mərasimlərdə yaxından iştirak edib, müvafiq planların həyata keçirilməsinə əməli yardım göstərib. Eyni zamanda, diaspor nümayəndələri səfirlik tərəfindən keçirilən tədbirlərə cəlb olunublar. Diasporun fəaliyyətinə gəlincə, onun potensialından daha dolğun istifadə edilməsi imkanları mövcuddur və bu istiqamətdə səfirlik tərəfindən müvafiq iş aparılır. ABŞ-ın müxtəlif ştatlarında bir neçə Azərbaycan cəmiyyəti və dərnəyi var. Zənnimcə, onların fəaliyyətinin əlaqələndirilməsi üçün Əlaqələndirmə və ya Məşvərət Şurasının yaradılması yaxşı olardı.
Azərbaycan və türk diaspor təşkilatları Ermənistanın türk dünyasına qarşı yürütdüyü siyasətə və törətdiyi cinayətlərə qarşı keçirdikləri etiraz aksiyalarında bir-birinə dəstək verməkdə davam edir, konqresmenlərə və administrasiya rəsmilərinə birgə məktublar göndərir, müxtəlif, xüsusilə Ermənistan lobbisinin təşkil etdiyi tədbirlərdə iştirak edərək, konkret faktlarla həqiqəti iştirakçılara çatdırır.
- Bakı-Tiflis- Axalkələk-Qars dəmiryolu layihəsinin “Eximbank” tərəfindən maliyyələşdirilməsinə qadağa qoyan qanunun ABŞ prezidenti tərəfindən imzalanmasını necə qiymətləndirirsiniz?
- Əvvəla, bu sənəd sırf Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməməsini nəzərdə tutmur. ABŞ Konqresi İdxal İxrac Bankı haqqında qanuna BTQ-nin Bank tərəfindən maliyyələşdirilməməsinə dair əlavə bir müddəa qəbul edib. Yəni, bu əlavə İdxal İxrac haqqında qanunun müzakirəsi zamanı bir sıra Konqresmenlər tərəfindən daxil edilib. Dolayısı ilə, ABŞ prezidenti qanunun tərkib hissəsi olan əlavəyə deyil, ümumilikdə qanuna veto qoya bilər.
Biz ümumilikdə bu əlavənin İdxal İxrac Bankı haqqında qanuna daxil edilməsinin əleyhinəyik. Çünki layihəni həyata keçirən ölkələr tərəfindən İdxal İxrac Bankından hansısa kredit və maliyyə yardımı ayrılmasının tələb olunmadığını nəzərə aldıqda, bu cür əlavənin qanuna daxil edilməsi absurddur.
- ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza dəmiryolu layihəsini Ermənistandan keçmədiyi üçün dəstəkləmədiklərini bildirmişdi. Azərbaycanın bu mövqeyə etirazı olubmu? Gələcəkdə də Azərbaycana qarşı belə sanksiyaların olmaması üçün hansı addımları atmağı nəzərdə tutursunuz?
- Təbii ki, məsələ barədə Dövlət Departamenti rəsmiləri ilə müzakirələr aparılıb və ölkəmizin mövqeyi diqqətə çatdırılıb. Desəm ki, hazırkı dünya praqmatik dünyadır, səhvə yol vermərəm. Fikrimcə, Dövlət Departamentinin məsələyə bu cür yanaşması layihədə ABŞ-ın iqtisadi marağının olmaması və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycan və Ermənistana münasibətdə balanslaşdırılmış siyasət aparmaq istəməsi ilə əlaqədar ola bilər.
Xatırlatmaq istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdığı ərəfədə, daha konkret desək, 2001-ci ildə də bir qrup Konqres üzvü tərəfindən İdxal İxrac Bankına BTC-nin maliyyələşdirilməməsi ilə bağlı eyni məzmunlu əlavə təqdim edilmişdi. Lakin həmin əlavə məhz Administrasiyanın səyləri nəticəsində qanuna daxil edilmədi. Aydındır ki, BTC layihəsinin reallaşması ABŞ üçün xüsusi əhəmiyyət kəsb edirdi və bu səbəbdən Administrasiya həmin təşəbbüsün qarşısını aldı.
Sualın ikinci hissəsinə gəldikdə, deməliyik ki, bu qərar sanksiya xarakteri daşımır və bilavasitə Azərbaycanla bağlı deyil. O, ABŞ İdxal İxrac Bankına həmin layihəni maliyyələşdirməyə icazə vermir. Bank özü də təəccüb edir ki, maliyyə yardımı üçün heç bir müraciət olmadığı və onun tərəfindən heç bir təşəbbüs irəli sürülmədiyi halda, ona fərz olunan nəyisə etməyə icazə vermirlər. Ümumiyyətlə, bu qanunun məntiqlə necə uzlaşmasına özünüz qiymət verin.
Bu günə qədər olduğu kimi, bundan sonra da səfirliyimiz Azərbaycanın maraqlarına zidd qərarların qəbuluna qarşı daim mübarizə aparacaq. Əsasən bu tip sənədlərin ABŞ Konqresi tərəfindən qəbul olunduğu və bunun erməni lobbisinin Konqresdəki fəaliyyətinin nəticəsi olduğu nəzərə alındıqda, 535 nəfərdən ibarət Konqreslə münasibətlərin inkişaf etdirilməsi, ölkəmiz və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Konqresdə təbliği əsas fəaliyyət istiqamətimiz olacaq.
- “907-ci düzəliş”in tamamilə ləğvi üçün hansı işlər görülür?
- “907-ci düzəliş”in tamamilə ləğvi, bütün sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji səviyyəyə çatması fonunda, artıq günün tələbinə çevrilib. Təbii ki, səfirliyimiz təsis olunduğu gündən bu düzəlişin ləğvini öz fəaliyyətində prioritet məsələlərdən biri olaraq görüb və bu gün də bu istiqamətdə fəaliyyətimiz davam edir. Fikrimcə, “907-ci düzəliş”in tam ləğv olunmaması Azərbaycan-ABŞ münasibətlərinin zəifliyi ilə xarakterizə edilə bilməz. Bu, ABŞ siyasi sisteminin xüsusiyyətlərindən biridir, Konqresdən asılı vəziyyətdir və təəssüf ki, Konqres üzvləri bu tip qərarların qəbulunda ölkənin ümumi maraqlarından çox, təmsil etdikləri etnik azlıqların maraqlarını nəzərə alırlar. Bu da öz növbəsində, Amerikada uzun müddətdən bəri təşkilatlanmış erməni diasporunun onlara təsir etmək imkanlarını gücləndirir. Bu, düzəlişin ləğvinə mane olan əsas amillərdən biridir. Belə olan şəraitdə “907-ci düzəliş”in ləğvi və ümumilikdə Konqresdə Azərbaycanın maraqlarının təminində Amerikadakı diasporumuzun daha sürətlə təşkilatlanması və Konqres üzvlərinə təsir edə biləcək səviyyəyə çatması əsas məqsədlərdən biridir.
- ABŞ konqresində qondarma “erməni soyqırımı”nın müzakirəyə çıxarılması üçün ermənipərəst konqresmenlər tərəfindən ciddi təbliğat aparılır. Bunun qarşısının alınması istiqamətində hansı addımları atırsınız?
- Xüsusilə, 2006-cı il seçkilərindən sonra Konqres rəhbərliyinin dəyişməsi və yeni spiker xanım Pelosinin seçkilərdən əvvəl verdiyi bəyanatında qondarma “erməni soyqırımı” haqda qətnamə layihəsini Palatanın səsverməsinə çıxaracağını söyləməsi, erməni lobbisində qətnamənin bu il Konqresdə qəbuluna inamını artırıb. Bu səbəbdən erməni lobbisi qətnamənin qəbulu ilə bağlı Konqresdə ciddi fəaliyyətlə məşğuldur. Təbii ki, Administrasiyanın bu dəfə də qətnamə layihəsinin Konqresdə qəbul edilməməsi istiqamətində Konqres rəhbərliyinə və üzvlərinə təzyiq edəcəyi şübhəsizdir. Çünki Konqres üzvlərindən fərqli olaraq, Administraisiya bu qətnamənin qəbulunun ABŞ-ın milli maraqlarına cavab vermədiyini və Türkiyə ilə münasibətlərə xələl gətirəcəyini anlayır.
Şübhəsiz, tərəfimizdən Konqres üzvləri və onların ofislərində keçirdiyimiz görüşlərdə məsələyə dair mövqeyimiz nəzərə çatdırılır. Xüsusilə, Konqresin 20-ci əsrin sonlarında Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırıma biganə qalaraq, 20-ci əsrin əvvəlində cərəyan etmiş və hər iki tərəfdən insan tələfatı ilə nəticələnmiş hadisələrə bu cür diqqət ayırmasının ədalətsizlik olduğu nəzərə çatdırılır.
- Xocalı soyqırımı ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılması nəzərdə tutulurmu?
- 2005-ci ildə İndiana ştatından olan Konqresmen Den Barton Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat səsləndirmiş və həmin bəyanat Konqresdə rezonansa səbəb olmuşdu. Belə ki, ilk dəfə Konqres üzvləri 20-ci əsrin sonlarında ermənilər tərəfdən insanlığa qarşı cinayətin törədildiyini öz həmkarlarından eşitdilər. Bəyanatın digər əhəmiyyəti ondan ibarət idi ki, erməni lobbisinin Konqresdə yaratdığı qondarma “yazıq və daim təcavüzə məruz qalan ermənilər” obrazının heç də reallığa uyğun olmadığı ABŞ Konqresi üzvü tərəfindən göstərildi. Bu tip bəyanatların sayının artırılması gələcəkdə Xocalı soyqırımının Konqresdə tanınması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamət daim diqqət mərkəzimizdədir.
Xocalı soyqırımının Konqresin gündəliyinə çıxarılması üçün müəyyən vaxta və buna paralel bir sıra işlərin görülməsinə ehtiyac var. Bu işlərdən ən vacibi, yenə Amerikadakı diasporumuzun gücləndirilməsidir. Çünki Konqresin Xocalı soyqırımına münasibət bildirməsi diplomatik danışıqlardan deyil, konqresmenlərin təmsil etdikləri seçicilərin nümayiş etdirəcəkləri mövqedən asılıdır. Erməni diasporunun qondarma “erməni soyqırımının” tanınması istiqamətində uzun müddətdən bəri gördüyü işlər buna nümunədir.
- ABŞ Konqresində Azərbaycanı dəstəkləyən təxminən neçə konqresmen var?
- Hazırda Nümayəndələr Palatasındakı Azərbaycan üzrə İşçi Qrupunun 16 üzvü var. Təəssüf ki, İşçi Qrupunun respublikaçı həmsədri Kurt Veldon ötən il Konqresə keçirilmiş seçkilərdə məğlub oldu. Görülmüş işlər nəticəsində Pensilvaniya ştatından respublikaçı konqresmen Bil Şuster İşçi Qrupunun həmsədri olub. Hazırda Konqresin bir qrup üzvünün Azərbaycana səfəri istiqamətində iş aparılır.
Təbii ki, Azərbaycan üzrə İşçi Qrupunun hazırkı sayı kifayət deyil və Konqreslə münasibətdə gələcək fəaliyyətimizdə tərkibin sayının artırılması prioritet olaraq qalır. Lakin bu o demək deyil ki, Konqresdə Azərbaycanı dəstəkləyənlər yalnız Azərbaycan üzrə İşçi Qrupun üzvləridir. Bu İşçi Qrupun üzvü olmayan İndiana ştatından Riçard Luqar, Kanzas ştatından Sem Braunbek, Nebraska ştatından Çak Heygel kimi senatorlar, Şimali Karolina ştatından Virciniya Foks, Arkanzas ştatından Vik Snayder, Nyu-York ştatından Piter Kinq kimi Nümayəndələr Palatasının üzvləri və digərləri müxtəlif bəyanatlar verməklə, dəfələrlə Azərbaycanın mövqeyini dəstəkləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR