Bank Of Baku

Azərbaycanın millət vəkillərinin sorğuları Avropa Şurası Nümayəndələr Komitəsinin iclasında müzakirə olunub

Azərbaycanın millət vəkillərinin sorğuları Avropa Şurası Nümayəndələr Komitəsinin iclasında müzakirə olunub
# 08 fevral 2007 14:11 (UTC +04:00)
Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin dünən keçirilmiş 986-cı iclasında Azərbaycanın AŞ Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynovun yazılı sorğuları müzakirə olunub. APA-nın Avropa bürosunun məlumatına görə, Nazirlər Komitəsinin prosedur qaydalarına uyğun olaraq, Q.Paşayevanın “Ermənistan rəhbərliyinin əməllərinin Azərbaycan-Ermənistan danışıqlarına xələl gətirməsi”, “Xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-leqal fəaliyyəti”, “Ermənistanda “Şuşanın azad olunmasına” həsr olunmuş abidənin ucaldılması”, “Xocalı soyqırımının növbəti ildönümü”, “Avropada Silahlı Qüvvələr haqqında Konvensiyanın Ermənistan tərəfindən kobud şəkildə pozulması” və R.Hüseynovun “Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və mədəni irsinə yeni təhlükələri” adlı yazılı sorğuları ilə bağlı AŞ Nümayəndələr Komitəsində ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. İlk növbədə, Azərbaycan tərəfi çıxış edərək, millət vəkillərinin Nazirlər Komitəsi qarşısında qaldırdığı məsələlərin aktual olduğu diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycan diplomatları Ermənistanın törətdiyi Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəniyyət abidələrinin dağıdılması və işğalçı siyasətin davam etdirilməsi ilə bağlı faktlar da səsləndiriblər. Azərbaycan tərəfi bu faktları təqdim edərkən, AŞ Nümayəndələr Komitəsinin sədrindən həmin sorğulara ətraflı cavab hazırlanması üçün Katibliyə tapşırıq verilməsi barədə qərarın qəbul olunmasını xahiş ediblər. Bundan başqa, Ermənistanın işğalçılıq siyasətini əks etdirən sənədlər Komitə üzvlərinə paylanılıb. Öz növbəsində, Ermənistan tərəfi Azərbaycan parlamentarilərinin qaldırdığı məsələlərin təbliğat xarakteri daşıdığını bildirərək, buna etiraz ediblər. Komitə isə Azərbaycanın millət vəkillərinin sorğularına dair Nazirlər Komitəsinin AŞPA-ya cavab layihəsinin hazırlanması üçün katibliyə tapşırıq verilməsi barədə qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR