Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini Brüsseldə Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirib

Azərbaycan xarici işlər nazirinin müavini Brüsseldə Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirib
# 21 mart 2007 15:05 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Aİ-Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin birgə iclasında çıxış edən A. Əzimov, Avropa Parlamentinin üzvlərini Azərbaycanın xarici siyasət prioritetləri ilə tanış edərək, ölkənin geostrateji və iqtisadi əhəmiyyətini açıqlayıb, Cənubi Qafqaz bölgəsinin cari siyasi və təhlükəsizlik vəziyyəti, habelə mövcud münaqişələr, enerji təhlükəsizliyi, qonşu ölkələrlə münasibətlər və digər bu kimi məsələlər barədə məlumat verib. Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktorluğunda keçirilən görüş zamanı A. Əzimov Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ-Azərbaycan Fəaliyyət Planının tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli iqtisadi münasibətlərdə, xüsusilə enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu bildirib, ticarət, nəqliyyat, gömrük, sərhəd təhlükəsizliyi və s. aidiyyəti sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edib. Qarşı tərəf Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində Aİ-nin maraqlı olduğunu bildirib, enerji təhlükəsizliyi və enerji mənbələrinin müxtəlifliyinin təmin edilməsində gələcək səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Avropa Komissiyasının Enerji və Nəqliyyat üzrə Baş Direktorluğunda keçirilmiş görüşdə tərəflər arasında Aİ ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun həyata keçirilməsi yolları, həmçinin, Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarının Avropa bazarına çıxarılması və bölgənin enerji infrastrukturunun təşkilində Azərbaycanı rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Aİ Şurasında keçirilmiş görüşdə A. Əzimov qarşı tərəfə regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinin son durumuna dair dolğun məlumat verib, məsələ ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qarşı tərəf Aİ-nin münaqişənin tezliklə sülh yolu ilə həll olunması mövqeyindən çıxış etdiyini və məsələ ilə bağlı hər zaman lazımı yardım göstərməyə hazır olduğunu bildirib.
Səfər çərçivəsində cənab A. Əzimov Brüsseldə yerləşən tanınmış Avropa Siyasət Mərkəzində “Azərbaycan: Xarici və Təhlükəsizlik Siyasətinin prioritetləri” mövzusunda təqdimat keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR