Bank Of Baku

Tomas Qolts: “Bir çox ölkələrdə insan faciələrini işıqlandırsam da, Xocalı soyqırımı mənim üçün dönüş nöqtəsi oldu”

Tomas Qolts: “Bir çox ölkələrdə insan faciələrini işıqlandırsam da, Xocalı soyqırımı mənim üçün dönüş nöqtəsi oldu”
# 07 iyun 2007 08:31 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna tanınmış jurnalist və sovetoloq Tomas Qolts verib. O, SSRİ-nin son illərində Azərbaycanda vəziyyətin stabil olduğu fikri ilə razılaşmadığını bildirib: “O vaxtlar Mütəllibov hökuməti ilə Xalq Cəbhəsi arasında və Xalq Cəbhəsinin daxilində gərginlik mövcud idi. Eyni zamanda hər bir insan başa düşürdü ki, müharibə qaçılmazdır. Çətinliklərə gəldikdə onlar kifayət qədər idi. Mən Azərbaycanda vizasız qalırdım və buna görə heç bir oteldə otaq tuta bilmirdim. “Azərbaycan gündəliyi” kitabımda qeyd etdiyim kimi xariclə rabitə qurmaq dəhşətli dərəcədə çətin idi. Həmin dövrlər Azərbaycanda nəinki mobil telefon, hətta faks və e-mail rabitədən danışmaq belə mümkün deyildi. Ona görə də məlumatın ötürülməsi həmişə çətinliklə müşayiət olunurdu. Mən Türkiyədə müxbir işləyəndə, hadisə ilə bağlı məlumatı toplayardım, Nyu-Yorkda oturan redaktoruma zəng edərək xəbərin hansı uzunluqda və hansı məqamlara fikir verməklə yazılmasını dəqiqləşdirdim. Daha sonra daim işləyən beynəlxalq faksla xəbəri Amerikaya yollayardım. 1991-ci ildə Bakıda beynəlxalq və lokal telefon xətlərinin bərbad vəziyyətdə olması səbəbindən redaktorlarla xəbər barədə məsləhət almaq çox çətin məsələ idi. Ona görə mən xəbəri hazırlayanda ilk olaraq onu yazardım və daha sonra saatlarla beynəlxalq xətti gözləyərək xəbəri sözlə diktə edərdim. Faksla xəbərin yollanması heç də onun ünvanına çatmasına təminat vermirdi. Bütün bunlar məni məyus edərdi”. Tomas Qolts Azərbaycanla maraqlanan şəxslərin ilk məlumatı məhz onun “Azərbaycan gündəliyi” kitabından aldığını və bu kitabın zərurətdən yarandığını deyib: “Kompüterimdə saysız çap olunmayan məqalələrim yığılıb qalmışdı. Ya redaktorlarım onları çap etmək istəmirdi və ya mən özüm bu xəbərləri vaxtında ötürməyə nail olmamışdım. Bir gün bütün məlumatları toplayaraq “Azərbaycan gündəliyi” başlığı altında dostlarıma yolladım və anladım ki, kitabımın bir necə fəsli üçün kifayət qədər məlumat bazası yığılıb. İlk fikrim Xalq Cəbhəsinin Mütəllibovu devirməsi və Əbülfəz Elçibəyin prezident seçilməsi ilə bağlı kitab yazmaq idi. Lakin bu dövrlər real müharibə başladı və siyasi vəziyyət gərginləşdi. Sürət Hüseynov qiyam qaldırdı və Heydər Əliyev hakimiyyətə qayıtdı. Elə bildim kitabı bu nöqtədə bitirəcəyəm. Lakin hələ bir necə il jurnalist işi ilə məşğul olmağa məcbur oldum”. Tomas Qolts jurnalist kimi Azərbaycanda bir çox dramatik anların canlı şahidi olduğunu deyib: “Türkiyə və digər ölkələrdə jurnalist kimi çalışarkən insan faciələrini işıqlandırmışdım. Amma Xocalı faciəsi mənim üçün emosional olaraq böyük dönüş nöqtəsi oldu. 1992-ci ilin fevralın 25 və 26-da mən həyatımda ilk dəfə soyqırımının nəticələrini gördüm və bu barədə xəbər hazırladım. Lakin düşünürəm ki, müharibə jurnalisti kimi ən dramatik an Kəlbəcər hadisələri oldu. Qorxumun məni dəli etməsinə yol verməmək üçün özümə dedim ki, mən artıq meyitəm. Bu o vaxtlar da, indidə həyatımın sonuna kimi mənimlə qalacaq ən qəribə an idi. Heydər Əliyev və Əbülfəz Elçibəylə müsahibələr almaq Kəlbəcər hadisələrini canlı görməklə müqayisədə uşaq oyununa bənzəyirdi. Xocalı soyqırımı barədə mənim göndərdiyim xəbər faciədən bir gün sonra fevralın 27-də “Washington Post” qəzetində dərc olundu. Mən xəbəri qəzetə göndərəndə heç kəs inanmaq istəmirdi ki, Xocalıda soyqırımı olub. Xocalıda baş verənlər barədə “Washington Post” qəzetindəki redaktorlarla danışmağa müvəffəq olmasaydım, böyük ehtimalla bu xəbər üzə çıxmayacaqdı. Mən Çeçenistanın Semaşki ərazisində baş verən daha bir soyqırımını xatırlayıram. Bu insan faciəsi də təsadüf nəticəsində mənim “ABC” telekanalı üçün hazırladığım bir dəqiqəlik xəbərə kimi Qərb mətbuatı tərəfindən diqqətsiz qalmışdı. Jurnalistlər bu xəbərə diqqət yetirməyə başlayanda Oklahoma şəhərində Timothy McViegh partlayış törətdi və Semaşki əhvalatı yaddan çıxdı”. Ermənilərin “Azərbaycan gündəliyi” kitabının birtərəfli və qərəzli yazılması iddialarına cavab olaraq Tomas Qolts onlara kitabı oxumağı məsləhət görüb: “Hesab edirəm ki, mən kitabda Azərbaycanı, ziddiyyətləri, qüsurları və hər şeyi əhatə etmişəm. Erməni oxucusundan indiyə kimi aldığım ən yaxşı tərif “Tomas Qoltsun Ermənistan barəsində də belə qərəzsiz kitab yazması lazımdır” ifadəsi olub. Bununla demək istəyirlər ki, onlar yalnız tərif və yaltaqlıqdan ibarət kitablardan beziblər”. Tomas Qolts Azərbaycanı heç zaman tərk etmədiyini deyib: “Azərbaycanda olan dostlarımla əlaqə saxlayıram və ildə azı iki dəfə Bakıya səfər edirəm. Ən çox dəyişikliklər 1995-1996-ci illərdə baş verib. İndiki dəyişikliklər artım tempi ilə gedir. Maaşlar və xidmətlər yaxşılaşıb, lakin şəhərin qədim hissəsinin tikinti bumu nəticəsində dağıdılması çox pisdir. Orta hesabla mən ilin 2-3 ayını Bakıda keçirirəm. 2000-2002-ci illərdə mən Bakı-Tiflis-Ceyhan marşrutu ilə hərəkət edən və “Neft Odisseyası” adlanan motoyürüş təşkil etdim. O vaxtlar ilin 5 ayını Azərbaycanda keçirərdim. Son zamanlar Montana Universitetində dərslərimlə bağlı istədiyim qədər Bakıda ola bilmirəm. İndi Montana Universitetində Qafqazla bağlı mühazirələr oxuyuram. Həmçinin “Azərbaycan gündəliyi” kitabını Azərbaycan dilinə tərcümə edirəm, “Neft Odisseyası” adlı bir saatlıq sənədli film və kitab yazıram. Bir müddət əvvəl “Qədim Şərq” qrupunun ABŞ-a baş tutmuş səfəri ilə bağlı “Muğam Montanaya gəlir” sənədli filmini bitirirəm. Yaxın vaxtlarda siz bu filmi Azərbaycan televiziyasında və bizə yaxın olan Amerika telekanallarında görəcəksiniz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR