Bank Of Baku

Azərbaycan paytaxtında “Təbii kataklizmlər və müasir sivilizasiyanın qlobal problemləri” mövzusunda beynəlxalq simpozium keçirilir

Azərbaycan paytaxtında “Təbii kataklizmlər və müasir sivilizasiyanın qlobal problemləri” mövzusunda beynəlxalq simpozium keçirilir
# 24 sentyabr 2007 16:25 (UTC +04:00)
APA-nın məlumatına görə, sentyabrın 27-dək davam edəcək simpoziumun keçirilməsində məqsəd təbii fəlakət mənbələrinin monitorinqini müasir səviyyədə təşkil etmək, bu sahədə dünya ölkələrinin təcrübəsindən yararlanmaq və qabaqcıl texnologiyadan istifadə etməkdir. Simpoziumun elm komitəsinə ABŞ, Avstriya, Almaniya, Bolqarıstan, Braziliya, Pakistan, Rusiya, Tayland, Qazaxıstan, Yaponiya, Türkiyə və İndoneziyadan müxtəlif sahələr üzrə elm xadimləri daxildir. Simpoziumun işində 35-dən çox ölkənin 100-dək alimi iştirak edir. Tədbirdə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov son vaxtlar Azərbaycanda təbii fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazisinin təxminən 60 faizini fövqəladə təhlükəli olan 8-9 ballıq seysmik zonalar təşkil edir. Onun sözlərinə görə, respublika əhalisinin 4 milyondan çoxu məhz bu ərazilərdə yaşayır. Nazir təbii kataklizmlərin digər fəlakətlər kimi əhaliyə və iqtisadiyyata ciddi ziyan vurduğunu bildirib: “Ölkə əhalisinin 12-13 faizi xüsusilə təhlükəli rayonlarda yaşayır. 18 inzibati ərazidə yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğunda dəmiryol xətti, 1000 km-dən çox ölkə əhəmiyyətli avtomobil yolları, bir çox sənaye və kənd təsərrüfatı obyektləri mütəmadi olaraq təbii fəlakətlərə məruz qalır. Torpaq sürüşmələri isə təbii fəlakətlər sırasında xüsusi yer tutur. Bakı, Şamaxı, Ağsu, Xızı, Altıağac, Lerik və digər rayonlarda bir sıra yaşayış və inzibati binalara torpaq sürüşməsi zamanı xeyli ziyan dəyir”. BEA prezidenti Valter Kofler isə çıxışında qeyd edib ki, Azərbaycan bu istiqamətdə çətin yol keçib. BEA-nın Azərbaycanla əməkdaşlığa hazır olduğunu və bu konfransda nəticələrin əldə olunacağına əminliyini ifadə edən V. Kufler təbii kataklizmlər sahəsində Pakistan, İndoneziya və Azərbaycan arasında qarşılıqlı elmi komissiyanın yaradılması və baş verən hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması təklifini irəli sürüb. O, həmçinin, müxtəlif institutlar arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasını təklif edib.
Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya texnologiyalarının təbii fəlakətlərin qarşısının alınmasında rolundan danışıb və qeyd edib ki, rəhbərlik etdiyi nazirlik bu sahədə əvvəlcədən xəbərdarlıqların edilməsində böyük rola malikdir. O, RİTN-in FHN ilə birlikdə bu sahədə işlər apardığını da vurğulayıb. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR