Bank Of Baku

Professor Süheyl Batum: “Qərb güclü və müstəqil bir Türkiyə istəmir”

Professor Süheyl Batum: “Qərb güclü və müstəqil bir Türkiyə istəmir”
# 26 sentyabr 2007 09:32 (UTC +04:00)
- Türkiyənin yeni Konstitusiyasının hazırlanması işinə bir çox tanınmış Konstitusiya hüququ mütəxəssisi cəlb edilməyib...
- Türkiyə Konstitusiya qəbul etmə sahəsində təcrübəsi olan önəmli bir ölkədir. Osmanlı dövləti hələ 1808-ci ildə “Konstitusiya sənədi” qəbul edib. 1789-cu ildə Fransada ilk Konstitusiya qəbul olunduqdan 20 il sonra biz də bu torpaqlarda “Konstitusiya sənədi” qəbul etmişik. Osmanlı dövləti ilk Konstitusiyanı hələ 1876-cı ildə qəbul edib. Türkiyə ilk dəfə Konstitusiya qəbul edən ölkə deyil. Ancaq son vaxtlar demokratiyanın Türkiyəyə 2002-ci ildə AKP iqtidarı ilə gəldiyini və dövlətin ilk dəfə Konstitusiya qəbul edəcəyini iddia edən bir təbəqə var. Onlar Konstitusiya hüququnun keçmişini və bu gününü bilən insanları elmi heyətin tərkibində görə bilmədilər. Onların istədiyi şey “Hörmətli baş nazir, bəzi işləri biz görə bilmədik, xahiş edirik, bunları da siz həyata keçirin” deyən insanlarla bu işi reallaşdırmaqdır. Mən komissiyada təmsil olunan mütəxəssisləri günahlandırmaq istəmirəm, ancaq hər şey millətin gözü qarşısında baş verir.
- Bu, “məndən əvvəl heç kim olmayıb, dünya mənimlə başlayır” prinsipinə bənzəmirmi?
- Doğrudur. Sosialist dövlətlərinin anlayışında da bu var: “Dünyanı biz yaratmışıq, bizimki son rejimdir və bu, bir daha dəyişməyəcək. Hörmətli baş nazir dünən deyib ki, “Allaha şükür olsun, Türkiyəyə dünyəviliyi biz gətirdik, sosial dövləti, demokratiyanı, mülki Konstitusiyanı da biz gətirdik”. Önəmli bir təcrübəsi olan Türkiyənin ziyalılarının, jurnalistlərinin, fikir adamlarının “Türkiyəyə demokratiya 2002-ci ildə gəlməyib, mülki Konstitusiya da ilk dəfə 2007-ci ildə yazılmır” deyəcəyini gözləyirdim. Ancaq təzyiq, qorxu və iqtidara yaxınlaşmaq düşüncəsi ziyalıların bir bölümünün bunu söyləməsinə mane oldu. Qurtuluş zavaşı vaxtı imperializmlə mübarizə edərkən ingilislərin işğal etdiyi İstanbuldan qaçan millət vəkilləri ilə Anadoludan seçilən nümayəndələrin yaratdığı mülki Məclis 1921-ci ildə Konstitusiya qəbul etdi. Daha sonra eyni parlament 1924-cü il Konstitusiyasını qəbul etdi. Siyasi iqtidarlar “hər şeyi ilk dəfə biz hazırlayırıq” deyə bilərlər, ancaq toplumun ziyalı təbəqəsi buna qarşı çıxmasa, o vaxt təhlükə yaranar. Hakimiyyətdən təhlükə gəlməz, ancaq ziyalıların iqtidarla əməkdaşlığa getməsi təhlükə yaradar.
- Cəmiyyətdə ziyalı problemi yaşanırmı?
- Mən qəzetdəki yazılarımda bu ziyalılardan danışanda axırına sual işarəsi qoyuram. Hal-hazırda fərqli düşüncəsi olan jurnalistlər işdən qovulur, telekanallara təzyiqlər göstərilir, ancaq sual işarəli ziyalıların səs-sorağı çıxmır. Konstitusiyanı yazan elmi heyət qərar qəbul etmə səlahiyyətini baş nazirə verir. Bu, sultanlara, krallara, padşahlara xidmətə bənzəyir.
- Türkiyəni kamalizm, yoxsa mülayim islam daha güclü edə bilər?
- Türkiyədə, hətta dünyada Atatürkü sevməyənlərin belə dilə gətirmək məcburiyyətində qaldığı bir cəhət var: Türkiyə onun liderliyində imperializmə qarşı savaşan, qələbə qazanan və həyata keçirəcəyinə çoxlarının inanmadığı bir transformasiyanı reallaşdırdığı bir ölkədir. Qərb güclü və müstəqil bir Türkiyə istəmir və ona ona qarşı çıxmayacaq olan “mülayim islam” layihəsini burada həyata keçirmək niyyətindədir. Səudiyyə Ərəbistanında heç kim şeyxlərə “niyə qızıldan saraylarda yaşayırsınız?” deyə bilmir. Türkiyəyə də eyni padşahlıq sistemini gətirmək istəyirlər. Avropa, ABŞ və Türkiyədəki müəyyən təbəqələrin arzusu bu olduğuna görə, bu layihəni həyata keçirmək üçün investisiyalar qoyulur, iqtisadiyyat güclü göstərilməyə çalışılır. Bu cür “iqtisadi möcüzələr” qonşu ölkələrdə də yaradılır. İş adamları, banklar, media üzərində müdhiş təzyiq var. Orxan Pamuk “türklər 1 milyon erməni, 30 min kürd öldürdü” deyəndə türk məhkəmələri ondan bunu niyə etdiyini soruşdular və dərhal ABŞ və Avropadan ciddi etirazlar səsləndi. Ancaq Türkiyədə jurnalistlər işdən çıxarılanda, yazıçılar kitablarına görə həbs ediləndə nə Amerika, nə Avropa, nə də Türkiyədəki ziyalılar ağızlarını heç açmadılar. Bu, təsadüf ola bilərmi? Türkiyədə varlının niyə varlı, kasıbın niyə kasıb olduğunun səbəbinin soruşulmasını əngəlləyən sistem qurmağa çalışırlar. Mən bunun həyata keçə biləcəyinə inanmıram. Türkiyə dünyəvi, demokratik, çağdaş bir ölkə olaraq qalmaqda davam edəcəkdir.
- Tarixdə baş örtmək deyil, baş açmaq azadlıq simvolu sayılır...
- Baş örtməyin azadlıq simvolu olmamasına dair bir misal çəkim. Son 4-5 ildə Türkiyədə baş örtüsü ilə əlaqədar bir aksiya belə keçirilməyib. 2002-ci ilə kimi isə hər cümə günü, universitetlər açılanda, bağlananda başı örtülü qızlar gəlib özlərini zəncirləyər, böyük hadisələr baş verərdi. Əgər, bu azadlıq məsələsi idisə, o zaman niyə 5 ildir bunun uğrunda mübarizə aparanlar gözləmə mövqeyi tutublar? Əgər bu, özgürlük problemi olsaydı, türbanlı qızlar mübarizəyə davam edərdilər. Deməli, məsələ tam siyasidir. Əgər, həqiqətən də baş örtüsü məsələsində insanların azadlıqları əllərindən alınsaydı, onlar “hələ gözləyək, görək nə olur? Bu, bizim iqtidarımızdır” deyə bilərdimi? Bəziləri Avropa Birliyinin çox geniş azadlıqlar verdiyindən bəhs edərək oraya üzv olmağın vacibliyini vurğulayırlar. Avropa İnsan Hüquqları Məhkəməsi türbanın siyasi simvol kimi yasaqlanması barədə hökm çıxaranda isə həmin insanlar Avropa Birliyini səfehlikdə günahlandırırlar. Eyni “ziyalılar” Rifah Partiyası hakimiyyətə gələndə “möhtəşəm demokratiya zəfəridir” deyirdi, partiya Konstitusiya Məhkəməsinin qərarı ilə qapadıldıqda isə dedilər ki, bu qərar generalların diktəsi ilə çıxarılıb. Avropa İnsan Hüquqları Məhkəməsi Rifah Partiyasının fəaliyyətinə qadağa qoyulması barədə qərarən haqlı olduğunu hökm edəndə eyni “ziyalılar” tut yemiş bülbülə döndülər.
- Yaranmış situasiya siyasi düşüncənin inkişafına əngəl olduğu kimi, hüququ da zədələyə bilərmi?
- Əlbəttə. Siyasi anlamda intellektual insanların heç bir qorxularının olmaması lazımdır, iş adamları sərbəst olmalı, ziyalılar, yazarlar müstəqil düşünüb yaza bilməlidir. Mən azadlıqların manevr sahəsinin daraldılmasına qarşıyam kimin hakimiyyətdə olması məni qətiyyən maraqlandırmır. Mən Mətbuat Şurası İdarə Heyətinin üzvüyəm, qısa müddət əvvəl bir jurnalist Ədliyyə Nazirliyinin fəaliyyətini tənqid edildiyinə görə həbs olundu, məhkəmə onun tənqidini təhqir kimi qəbul etdi. Bu, qorxulu tendensiyadır. Mən pessimist deyiləm Türkiyə bu problemlərin öhdəsindən gələcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR