Bank Of Baku

İqbal Ağazadə: “Mən müxalifət olmaq istəmirəm”

İqbal Ağazadə: “Mən müxalifət olmaq istəmirəm”
# 26 sentyabr 2007 12:14 (UTC +04:00)
- Hazırda müxalifət təşkilatlarında vəziyyət necədir?
- Ölkənin müxalif təşkilatları pessimist əhval-ruhiyyədədir, bunun da bir sıra səbəbləri var. Səbəblərdən biri də son seçki təcrübəsi və əhalinin bu hadisələrdən sonra müxalifətdən kənar gəzməsidir. İndi Azərbaycanda müxalif fikir əvvəlkindən də güclüdür. Amma məsələ ondadır ki, müxalifət təşkilatları bunu hansı səviyyədə seçkiyə apara biləcəklər. Biz bu istiqamətdə ciddi işlər görürük. Hətta regional təşkilatlarla da bu sahədə işləyirik.
- Nikbin əhval-ruhiyyədə olduğunuz hiss edilir.
- Çox nikbinəm, buna əsas da var. Azərbaycan cəmiyyəti seçim etməyi bacarır. Digər tərəfdən, ən ideal hakimiyyətlərin belə 30-35 faizlik müxalifəti həmişə var. Məsələn, 1992-ci ilin prezident seçkilərində cəmiyyət ümumən Əbülfəz Elçibəyin üzərində köklənmişdi. Amma Nizami Süleymanov 33 faiz səs topladı. Türkiyə tarixində bir partiyanın ikinci dəfə təkbaşına hakimiyyətə gəlməsi baş verməmişdi, onların da 35 faiz müxalifəti var idi. Azərbaycanda da həm ümummilli, həm də şəxsi problemlər var. Bunların fonunda isə insanlar daha yaxşı proqrama, namizədə, yenilikçiyə, dəyişkənliyə meylli bir siyasətçiyə səs verməyə hazırdır. 2008-ci il üçün artıq dəyərlər dəyişib. Məncə, bu seçkilərə qoşulan yeni təşkilatlar ənənəvi təşkilatlardan daha çox şeylər əldə edə biləcəklər.
- Yəni Siz 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşırsınız.
- Bəli, prezident seçkiləri üçün ciddi platforma hazırlayıram. Hər bir vətəndaş deyəcəyimiz sözdə öz problemini görməli və bundan çıxış yolu tapmalıdır. Bunun da təbliğatı və təşkilati tərəflərini məhz regionlarda planlaşdırdığımız təşkilatlarla əldə etmək istəyirik.
- Amma siyasi mühitdə belə fikir formalaşıb ki, İqbal Ağazadənin prezident seçkisinə getməsi təşkil olunmuş aksiyadır və bu bəzi müxalifətçilərin səsini parçalamağa yönəlib...
- Azərbaycanda kim mütləq elektorata sahibdir ki, mən bu elektoratı onun əlindən alım? O hansı namizəddir ki, biz onun səsini parçalayırıq və nəticə etibarı ilə qələbəsini əlindən alırıq. Axı kimdir o namizəd? Azərbaycan müxalifətində elə bir namizəd varmı? Özləri də etiraf edirlər ki, belə namizəd yoxdur. Azərbaycanda seçki marafonuna qoşulmaq istəyən hər bir adamın müəyyən qədər elektoratı var. Bundan başqa, hələ seçimini etməmiş elektorat var.
- Müxalifətdə bəziləri vahid namizədlə seçkiyə getməyin tərəfdarı kimi çıxış edir...
- Mən ümumi müxalifət anlayışını qəbul etmirəm, çünki totalitar düşüncənin yenidən hakim olmasını istəmirəm. Müxalifətin vahid namizəd irəli sürməsi ilə bağlı ideya totalitar düşüncənin məhsuludur. Biz nəyə görə bir namizədlə seçkiyə getməliyik? Əgər müxtəlif partiyalar yaranıbsa, hərənin öz iddiası varsa, hər kəs bu ölkənin inkişafına fərqli rakursdan baxır və problemlərin həllini fərqli görür. Onda nəyə görə biz bir namizəd irəli sürməliyik? Azərbaycan müxalifətinin böyük əksəriyyəti seçkidə vahid namizədlə iştirak
edib qalib gəlməyin mümkünlüyünə inandığı üçün yanılır. 2003-cü ildə Azərbaycan müxalifəti nə qədər rəngarəng olsa da, seçkinin ümumi nəticələrini tanıyan bir bəyanat imzalamadı. Bu fakt 1998-ci ildə də baş verib. Söhbət xalqın verdiyi səsə münasibətdən gedir. 2005-ci il parlament seçkilərində, “Azadlıq” bloku seçkinin nəticələrini ortaya qoya bildimi? Bax, problem bundadır. Bəyəm dəyişiklik baş verən Gürcüstan və Ukraynada seçkiyə vahid namizədlə getmişdilər? Hərə öz bloku ilə seçkiyə getmişdi, amma seçkinin nəticələrinə münasibətdə vahid mövqe ortaya qoyuldu.
- Kimi seçkidə özünüzə rəqib görürsünüz?
- Mən əslində seçici rəyi almağa çalışıram. Rəqibi mən yox, seçici və proqram müəyyənləşdirəcək. Seçici üçün İqbal Ağazadə, yaxud da başqa bir adam şəxs olaraq maraqlı deyil. Mənim proqramımın alternativi nə olacaqsa, rəqib həmin şəxs çıxacaq.
- Proqramınızı kimlər işləyir?
- Adlarını deyə bilmərəm. Azərbaycanda və xaricdə olan kifayət qədər mütəxəssislər var ki, onlar bu proqramın üzərində işləyir. Bundan başqa partiyada olan şəxslər də bərabər çalışırlar.
- Niyə partiyanızda sizdən başqa heç kimi tanımırlar?
- Bu nisbi sualdır. Mənim partiyamda Azərbaycan siyasətində yetərincə tanınan və mövqeyi olan adamlar var. Tanınmağın ikinci tərəfi də siyasi qəzetlə bağlıdır. Hər bir qurum öz qəzetini buraxmaqla həm də funksionerlərini təbliğ edir. Bu gün bizim sıramızda birləşən adamlar dünən həmin qəzetlərin səhifələrinə düşmürdülər. Məsələn, Nəsimi Məmmədli vaxtilə həmin qəzetlərdə az qala hər gün açıqlamalar verirdi.
- Sizin partiyanı gah radikal, gah konstruktiv müxalifət, gah da iqtidar partiyası kimi qələmə verirlər.
- Mən Azərbaycanda qanunla fəaliyyət göstərən siyasi partiya tanıyıram. Qanundan kənar fəaliyyət göstərən siyasi partiyalara isə çox nadir hallarda rast gəlinir. Bu cür partiyalar Azərbaycan cəmiyyətində müəyyən vaxtlarda olub və cəzalanıb. Radikal müxalifət anlayışını heç vaxt qəbul etməmişəm. Kim səngər qazıb döyüşüb ki, biz qalmışıq? Hər kəs öz sözünü deyib, bəyanatını verir, nə bundan əvvəlki parlamentdəki mövqeyimdə zərrə qədər dəyişiklik baş verməyib. Nəyi eybəcər görmüşəmsə, demişəm. Mən “müxalifət mənəm” tendensiyasını özümə şamil etmək istəməzdim. Mən müxalifət olmaq istəmirəm. Mənim əbədi müxalifətdə qalıb, kiminsə yeri uğrunda mübarizə aparmaq fikrim yoxdur. Mən Azərbaycanda iqtidarda olmağa çalışıram. Kim müxalifətdə yerini qorumağa, möhkəmləndirməyə çalışırsa, ona uğurlar arzulayıram.
- Siz Əli Kərimlini niyə sevmirsiniz?
- Əli Kərimli ilə heç bir problemim yoxdur. Amma onu sevməyə də borclu deyiləm.
- Heç vaxt onun haqqında müsbət fikir söyləməmisiniz?
- Heç mənfi fikir də söyləməmişəm. Əli Kərimli və onun təşkilatı mənim barəmdə mənfi və yalan bir fikir söyləməyənə qədər onunla bağlı mövqe açıqlamamışam. Deyilən nə olubsa hamısı mənə qarşı söylənilənlərə cavab olub. Mən ona nifrət etmirəm, ümumi mübarizədə hətta dostumuz hesab edirəm. Sadəcə, onun çevrəsi, bəzən aldığı informasiyalar, bəzən də onun bu məsələlərdə ifrata varması zaman-zaman münasibətləri korlayıb.
- Belə fikir var ki, prezidentliyə namizədliyinizi verməklə Qarabağ elektoratını İsa Qəmbərin əlindən almaq istəyirsiniz.
- Mən heç kimin qarşısına öhdəlik götürməmişəm ki, siyasətə gəlib ömrü boyu onu müdafiə edəcəyəm və yaxud doğulduğum regiondan məndən yaşca böyük kimsə olacaqsa, onun xeyrinə geri çəkiləcəyəm. 2003-cü ildə İsa Qəmbəri dəstəkləmişəm, hesab etmişəm ki, həmin vaxt bu mövqedən daha çox şey qazanmaq mümkün idi. Bu gün dəyərlər və partiya yanaşması, həm də öz yanaşmam dəyişib. Bu gün hesab edirəm ki, Azərbaycan cəmiyyətinə mən çox xeyir verə bilərəm.
- Yəni İsa Qəmbər Sizi dəstəkləməlidir.
- Bu artıq onun problemidir. Mən bütün regionların elektoratını bütün namizədlərin əlindən almaq uğrunda mübarizə aparacağam. Təbii ki, Qarabağ elektoratı mənə daha yaxındır. Həm regional, həm də Qarabağda döyüşmək baxımından. Qarabağlılar mənə daha çox səs verə bilər.
- Sizi və partiyanızı həm də Azərbaycanın keçmiş baş prokuroru, hazırda Rumıniyada səfir olan Eldar Həsənovla bağlayırlar...
- Mən Eldar Həsənovu keçmiş baş prokuror və Azərbaycanın Rumıniyadakı səfiri kimi tanıyıram. Ola bilsin ki, eyni regiondan olmağımız bu məsələni şərtləndirir. Amma bəzi məqamlarda əfsanələr də uydururlar. Mənim bu şəxslə nə siyasi, nə də şəxsi münasibətim var. O, Azərbaycan iqtidarının siyasətini dəstəkləyən və komandasında olan bir adamdır. Başqa səfir və məmurlara münasibətim necədirsə, Eldar Həsənova da həmin münasibətim var.
- Hakimiyyətdə dostlarınız var?
- Bəli, niyə də olmasın? Burada heç bir problem görmürəm. Bu nə mənim, nə də onların xəttinə heç bir təsir göstərmir. Hər kəs öz yolu ilə gedir.
- Bu Milli Məclisdə əvvəlkində olduğunuz qədər radikal deyilsiniz?
- Əvvəl necə idim ki?
- Təxminən indi Pənah Hüseyn olan kimi...
- Bilirsiniz, indi situasiya o deyil. Həm də bəlkə yaş öz təsirini göstərib, əvvəlki emosionallıq yoxdur. Amma mən yenə də ötən parlamentdəki kimi kəskin çıxışlar edirəm, müxtəlif məsələlərlə bağlı mövqeyimi bildirirəm. Bizim ən çox mübahisələrimiz Siyavuş Novruzov və Əhəd Abıyevlə olurdu. Yenə də eyni mövqe nümayiş etdirsələr, həminkindən də sərt reaksiya olacaq.
- Əhəd Abıyevlə, Siyavuş Novruzov bu parlamentdə də var.
- Var, amma onlar da əvvəlki deyillər.
- Milli Məclisdə sizin mövqeyinizə qarşı hər iki tərəfi təmsil edən həmkarlarınızın istehzası hiss olunur. Hətta bir neçə dəfə bununla bağlı mübahisə də yaranıb...
- Mən həm “Müsavat” deputat qrupunun, həm də Yeni Azərbaycan Partiyasının o cür yanaşmasını kifayət qədər normal qarşılayıram. Çünki bunun səbəbini bilirəm.
- Nədir səbəbi?
- “Müsavat” deputat qrupu bütövlükdə çıxışlarında o fonu yarada bilmədi, təkcə bizik. Bununla bağlı mənim üzərimə çox gəldilər. Ancaq bizim mövqeyimizdə heç bir dəyişiklik görmədilər. Yəni İqbal Ağazadənin iqtidarı müdafiə etdiyini görməyəndə ciddi narahat olmağa başladılar. Onlar həmin mövqe ilə barışan kimi görünmədilər. O cümlədən iqtidar da bu məsələlərdə “Müsavat” deputat qrupu sərgilədiyi mövqeyə yaxın mövqe qoyur ortaya ki, bu adam həbsdən çıxıb, amma ağılı başına gəlməyib, yenə əvvəlki mövqeyini davam etdirir.
- Mediaya münasibətiniz necədir?
- Bu gün siyasiləşmiş Azərbaycan mətbuatı var. Hər kəs özünə lazım olan və siyasi dairənin müəyyənləşdirdiyi insanlara tribuna verir. Bir də media daha çox qalmaqallara üstünlük verir. Normal, məntiqli təkliflərə çox az yer verilir.
- İnternet medianın gələcəyini necə görürsünüz?
- Mən internetdə müxtəlif saytların monitorinqini apardım, məlum oldu ki, bir gecədə Azərbaycanda 800 min nəfər adam internetə daxil olur. Pik saatlarda bu, 2 milyona çatır. Azərbaycanda çap məhsullarının reytinqinin aşağı düşməsinin səbəblərindən birini də internetin inkişafında axtarmaq lazımdır.
- Partiyanızın saytı varmı?
- Var, amma hələlik aktiv deyil. Yaxın bir ay ərzində bu problem həll ediləcək. Onun üzərində iş gedir.
- Dinə münasibətiniz necədir?
- Mən müsəlmanam, amma liberal cəmiyyətin tərəfdarıyam. İdeoloji cəmiyyət və hakimiyyətin qurulmasının qəti əleyhinəyəm. Çünki bu modelin özünü doğrultmadığı artıq bir neçə nümunədə özünü göstərib. Hakimiyyət qanunla idarə olunmalı, insanlar isə özünün yaşam tərzini seçməlidirlər. Heç kimi eyni cür düşünməyə məcbur etmək olmaz.
- İbadət edirsiniz?
- Xeyr, amma oruc tutduğum vaxtlar olub. Mənim anam və qardaşım Həcc ziyarətində olub. Özümün belə bir fikrim yoxdur. Hesab edirəm ki, bu cür yaşamaq mənə daha rahatdır.
- Mütaliə edirsiniz?
- Həddindən çox. Həbsxanada 600 kitab oxumuşam. Onlardan 120-yə yaxını dedektiv idi. Bu gün də ədəbiyyatda yeni nə varsa oxuyuram. Azərbaycan ədəbiyyatından Əkrəm Əylisli, Mövlud Süleymanlı, Anarı, Seyran Səxavəti, gənclərdən isə Aqşini, Güneli, Rasim Qaracanı və digərlərini oxuyuram.
- Müasir Azərbaycan ədəbiyyatında baş verən proseslərdən xəbərdarsınız?
- Bəli. Mənim üçün ədəbiyyat oxu nümunəsidir. Burada mübarizə aparmağa dəyməz. Kimin əsəri yaxşı olacaqsa, oxuyacağam. Ədəbiyyatda mübarizə yaxşı əsər üzərində getməlidir. Başqa bütün mübarizə vasitələri əhəmiyyətsizdir.
- Sizcə, Yazıçılar Birliyi olmalıdır?
- Əgər bu gün xalq artisti, əmək incəsənət xadimi fəxri adları varsa, təbii ki, Yazıçılar Birliyi də olmalıdır. Əslində mən fəxri adları qəbul etmirəm. Çünki bu adam artistliyi ilə pul qazanır, ailəsini saxlayırsa, niyə ona hər hansı ad da verilməlidir? Dünya bunu qəbul etmir. Amma onlar olduğu halda Yazıçılar Birliyi də qalmalıdır.
- Yaradıcı və hazırkı Yazıçılar Birliyini qəbul etməyən gənclərdən bəziləri də Sizin ətrafınızdadır.
- Bəli, belədir. Amma ədəbi hakimiyyətə gəlməyin yolu əsərdir. Mənə heç kim Aqşini, Salam Sarvanı, eyni zamanda Anarı oxumağı qadağan edə bilməz. Mən kimin yaradıcılığını sevirəmsə, onu oxuyuram. Ədəbi hakimiyyət oxucunun qəlbində qurulur.
- İçinizdəki ədəbi hakimiyyət kimi məxsusdur?
- Yaxşı əsərə. Məsələn, Aqşinin “Qatarda” adlı bir şeri var. “Çıxıb gedəsən sonuncu vaqonda. Boş e, bom-boş olasan. Birdən qalxıb yerini verəsən, gözəl bir qadına. Qadın otura və deyə. Verin Əllərinizi Saxlayım”. Axı, bu şeri necə oxumayasan? “Ver əllərini saxlayım”. Çox gözəl tapıntıdır. Amma bu şer mənə əsas vermir ki, Anarın “Macal” əsərini oxumayım.
- Azərbaycan musiqisində kimləri dinləyirsiniz?
- Nəzakət Teymurova, Aygün Bayramova, Alim Qasımov, Röya, Zülfiyyə Xanbabayeva və digərlərini dinləyirəm. Mənim üçün XX əsr Azərbaycan muğamının zirvəsi Yaqub Məmmədovdur.
- Necə yaşayırsınız?
- Normal. İnsan heç vaxt maddi baxımdan həyatında razı olmur. İnsan razı olan zaman təqaüdə çıxır. Həyata keçirmək istədiyim hələ çox işlər var.
- Gəliriniz haqqında məlumat verə bilərsiniz?
- Gəlir deklarasiyası haqqında qanun işləmirsə, bunu söyləməyin özü məntiqsizdir. Mən millət vəkilliyinə namizədliyimi verəndə, gəlir deklarasiyası təqdim etmişəm. Mən bizneslə məşğul deyiləm. Bunu deputata qanun qadağan edir.
- Əmək haqqınız nə qədərdir?
- Yadımda deyil. Biz pulumuzu kart sistemi ilə alırıq. Ancaq hansı millət vəkilinin kartını yoxlasan, pul tapa bilməyəcəksən. Sizə açıq deyim ki, parlamentdə olmamışdan əvvəl necə yaşamışamsa, bu gün də elə yaşayıram. Tələbə olandan sürücü ilə gəzmişəm. Hamının qarşısında alnım açıq, üzüm ağırdır. Azərbaycan siyasətində özümü o qədər də imkansız adam hesab etmirəm. Ac deyiləm ki, kiminsə əlinə baxım. Bu gün belə olmayıb. Məni tanıyanlar həmişə belə görüb. Yəni bu mənim üçün yeni bir şey deyil.
- İngilis dilini bilirsiniz?
- Mənim gözəl dil qabiliyyətim var. Şərqşünaslıq fakültəsini bitirmişəm. İngilis dilini isə yetərincə bilmirəm. Gələcəkdə universitetdə dərs demək fikrim var. Hələlik birinci müdafiəmi etməliyəm. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR