Bank Of Baku

Rövzət Qasımov: “ATƏT təmsilçiləri Azərbaycandan olan hüquq müdafiəçilərinin çıxışlarına ciddi reaksiya vermədilər”

Rövzət Qasımov: “ATƏT təmsilçiləri Azərbaycandan olan hüquq müdafiəçilərinin çıxışlarına ciddi reaksiya vermədilər”
# 08 oktyabr 2007 13:18 (UTC +04:00)
“ATƏT-in insan ölçüsü üzrə illik görüşündə iştirak edən azərbaycanlı hüquq müdafiəçiləri öz təxəyyüllərindən istifadə edərək heç bir fakta əsaslanmayan siyasi bəyanatla çıxış etdilər”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov verib. Görüşün bir neçə gün davam etdiyini bildirən R. Qasımov iclasın bir gününün yalnız seçki məsələlərinə həsr olunduğunu bildirib. O, Azərbaycandakı vəziyyətlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verildiyini qeyd edib: “Amma bəzi QHT nümayəndələri Leyla Yunus, Eldar Zeynalov və İntiqam Əliyev obyektivlikdən uzaq olan fikirlər ortaya atmağa çalışırdılar. Onlar konkret bir məsələdən danışmadılar, 15 ildir dedikləri fikirləri yenə də təkrar etdilər. Bu görüşlərdə adətən il ərzində baş verən məsələlər müzakirə olunur. Amma bizim QHT təmsilçiləri 2000-ci ildən başladılar. Biz sonradan cavab hüququndan istifadə edərək həmin iddialara cavab verdik və iddiaların yalnış olduğunu iştirakçıların diqqətinə çatdırdıq. Əslində, ATƏT təmsilçiləri də onların çıxışlarına ciddi reaksiya vermədilər”. R. Qasımov Varşavada keçirilən toplantıda bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdiyini də vurğulayıb.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə APA-ya açıqlamasında iclasda etdiyi hesabat xarakterli çıxışı əvvəlcədən hazırladığını və sənədin faktlara əsaslandığını qeyd edib: “Çıxışımda əsasən 2000, 2003 və 2005-ci illərdə keçirilən seçkilərə dair beynəlxalq təşkilatların müşahidə missiyalarının hesabatlarında əks olunan faktlardan istifadə edilmişdi. Beynəlxalq təşkilatların əksəriyyəti o zaman verdikləri bəyanatlarda bu seçkilərə tənqidi yanaşırdılar. ATƏT rəhbərliyi bizim çıxışlarımıza diqqətlə yanaşdılar”. L. Yunus təkcə seçki məsələləri ilə bağlı yox, həmçinin, söz və mətbuat azadlığı, işgəncələr, azad məhkəmələrlə bağlı keçirilən toplantılara qatıldıqlarını da bildirib. Hüquq müdafiəçisi keçirilən iclasların böyük əksəriyyətində çıxış etdiyini, Azərbaycandakı real vəziyyəti avropalıların diqqətinə çatdırdığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR