Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresi Mixail Qorbaçova müraciət edib

Avropa Azərbaycanlıları Konqresi Mixail Qorbaçova müraciət edib
# 09 oktyabr 2007 10:47 (UTC +04:00)
AAK-dan APA-ya bildirilib ki, Konqresin prezidenti Natiq Ağamirovun imzaladığı məktubda “Green Cross International” təşkilatının dünyada sülhün və sabitliyin, ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərdiyi qeyd olunur: “Biz bu fəaliyyəti təqdir edirik. Münaqişə və müharibələrdən əziyyət çəkən bir xalqın nümayəndələri kimi, biz azərbaycanlılar bəşəri dəyərlərə zidd olan bütün növ zorakılıq aktlarına qarşı hər cür mübarizəni dəstəkləyir və bu son dərəcə vacib missiyanı öz üzərinə götürənlərlə bir yerdə olduğumuzu bəyan edirik”. Bununla belə, məktubda M. Qorbaçovun keçmiş fəaliyyətinin bəzi məqamları ilə hazırkı missiyası arasında ziddiyyətlərin olduğu bildirilir: “SSRİ prezidenti olduğunuz dövrdə Azərbaycanda, Gürcüstanda, Latviyada, Litvada və Estoniyada Sovet Ordusu dinc sakinlərə qarşı qanlı hərbi əməliyyatlar keçirib. Azərbaycan xalqı bu gün də 1990-cı ilin 20 yanvarında Bakı şəhərində yüzdən çox insanın qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması ilə nəticələnən faciənin təfərrüatlarını böyük iztirab və hüznlə xatırlayır”. Məktubda M. Qorbaçovdan aşağıdakı sualları səmimi şəkildə cavablandırmaq da xahiş olunur: “Sizcə, totalitar bir rejimin hökm sürdüyü Sovet İmperiyasını qoruyub saxlamaq niyyəti 20 yanvar hadisələri kimi son dərəcə qəddar, qeyri-insani metodlara əsaslanan addımların atılmasına bəraət qazandıra bilərmi? Bu dəhşətli faciəyə görə tarixin quracağı məhkəmənin qarşısında bəraət ala biləcəyinizə inanırsınızmı? “Green Cross International” təşkilatının rəhbəri kimi üzərinizə götürdüyünüz missiya keçmişdəki fəaliyyətinizin bəzi mərhələləri ilə ziddiyyət təşkil etmirmi? Təşkilatının rəhbəri kimi 30 mindən çox insanı qətlə yetirilmiş, bir milyona yaxın vətəndaşı torpaqlarından didərgin düşmüş, hərbi əməliyyatlar nəticəsində böyük ekoloji faciələrə məruz qalmış Azərbaycan xalqına nə kimi yardım göstərə bilərsiniz?”
AAK-dan bildirilib ki, qurumun təmsilçisi Vüsalə Hüseynova “Green Cross International”ın Baş Assambleyasının oktyabrın 5-6-da ABŞ-ın New Orleans şəhərində keçirilən toplantısında məktubu M. Qorbaçova təqdim etmək üçün Hollandiyadan ABŞ-a gedib. Ancaq mühafizəçilər məktubun M. Qorbaçova təqdim olunmasına imkan verməyiblər. M. Qorbaçovun protokol rəhbəri Aleksandr Likotel də mətninin sərt olduğunu əsas gətirərək müraciəti qəbul etməyib. Çox ciddi səylərdən sonra yalnız Xocalı faciəsindən bəhs edən kitabı protokol rəhbərinə çatdırmaq mümkün olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR