Bank Of Baku

Altı müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb

Altı müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb
# 09 oktyabr 2007 10:51 (UTC +04:00)
Altı müxalifət təşkilatı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, layihə indiyə qədər digər partiyalar tərəfindən irəli sürülən təkliflərdən fərqlidir: “Burada əsas diqqət namizədlərin yox, seçicilərin hüquqlarının genişləndirilməsinə yönəlib. Bu gün səslənən təkliflər yalnız komissiyalarla bağlıdır. Amma heç kim xaricdə yaşayan 2 milyondan çox azərbaycanlının hüquqlarının bərpası ilə bağlı ciddi təklif irəli sürmür. Bizim təkliflərdə xaricdə yaşayanların elektron səsverməsi nəzərdə tutulur”. S. Cəlaloğlu layihədə seçkinin taleyinin subyektlərə yox, obyektlərə həvalə edilməsinin təklif olunduğunu söyləyib: “Yəni seçkinin təkcə komissiyaların nəzarəti altında qalması yox, prosesə həm məhkəmənin, həm də ictimai nəzarətin təmin olunması nəzərdə tutulur. İndiki qanunla müşahidəçilərin işinin heç bir hüquqi nəticəsi olmur. Biz də razıyıq ki, komissiyalar paritet əsasda formalaşmalıdır. Amma bütün işi komissiyaların üzərinə qoymaq düzgün deyil”. S. Cəlaloğlu sənəddə komissiyaların paritet əsaslarla formalaşdırılması üzrə 4 variantın təklif edildiyini açıqlayıb. Bunlardan ikisində 2003-cü il prezident seçkilərinin nəticələrinin, ikisində isə 2005-ci il parlament seçkilərinin nəticələrinin tətbiqi təklif edilir. Layihədə komissiyaların ya ikinci yerə çıxan blok və ya partiya ilə iqtidar partiyası arasında, ya da seçkidə iştirak edən siyasi qüvvələr arasında bərabər bölünməsi təklif olunur: “Amma bu zaman komissiyalarda qərarların qəbulunda sadə səs çoxluğu əsas götürülməlidir. Çünki qərarların qəbulunda 2/3 prinsipi tətbiq olunsa, o zaman qərar alınmayacaq və ölkədə seçki bataqlığı yaranacaq”.
Qeyd edək ki, layihəni Demokrat, Müsavat, Sosial Demokrat, Tərəqqi, Milli İstiqlal partiyaları və Azərbaycan Naminə İctimai Forum hazırlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR