Bank Of Baku

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
# 28 noyabr 2007 16:57 (UTC +04:00)
DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanları üçün əhəmiyyət daşıdığını, bu səbəbdən hər üç məsələnin ilin sonuna yaxın Kollegiyanın gündəliyinə çıxarılmasına təsadüf olmadığını xatırladıb, bu ilin 11 ayında xidməti fəaliyyətdə qazanılmış uğurla yanaşı, nöqsan və çatışmazlıqların da olduğunu göstərərək tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Gündəlikdə duran ilk məsələ ilə bağlı çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin polis general-mayoru Emin Şəkinsi deyib ki, təqsirləndirilən şəxslərin axtarışı və itkin düşmüş şəxslərin müəyyən edilməsi sahəsində əməliyyat-xidməti fəaliyyətinin düzgün təşkili nazirlik rəhbərliyinin daim diqqət mərkəzində olub: “Bu ilin 10 ayında axtarışda olan 3151 nəfər, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 94 təqsirləndirilən şəxs tutulub, İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosu tərəfindən axtarışda olan 6, İnterpol üzvü olan ölkələr tərəfindən axtarışda olan 16, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 93 təqsirləndirilən şəxsin yeri müəyyənləşdirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il axtarışda qalanların sayı 1,2 faiz azalıb”. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahin Mirzəyev isə məruzəsində bildirib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Qara bazar”da ümumi dəyəri təxminən 2 milyon ABŞ dolları olan 295 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu müddətdə 86,3 kq tiryək, 120,5 kq marixuana, 62,6 kq həşiş, 25,5 kq heroin götürülüb, qanunsuz kultivasiya olunan 360 ton narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Narkotiklərin satışı ilə bağlı 737 fakt aşkarlanıb ki, bu, ötən ayın müvafiq dövrü ilə müqayisədə 83 fakt çoxdur. Hesabat dövründə 122,9 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, 41 əcnəbi vətəndaş tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Bu müddətdə idarə və onun regional şöbələri tərəfindən 185 cinayət faktı aşkarlanıb, məsuliyyətə cəlb olunan şəxslərdən 140 kq-dan çox müxtəlif növ narkotik vasitə, 583 həb-psixotrop dərman preparatları götürülüb. Baş Kadrlar İdarəsinin rəisi polis polkovniki Novruz Novruzov isə çıxışında bildirib ki, test imtahanları nəticəsində 98 nəfər DİN-in orta rəis heyəti vəzifələrində xidmətə daxil olub. Bu imtahanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Hazırda növbəti müsabiqənin keçirilməsi üçün namizədlərin sənədləri toplanır. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edərək təcrübə toplayan və polis Akademiyasının qiyabi təhsil alan siravi və kiçik rəis heyətlərindən 190 nəfəri orta və böyük rəis heyəti vəzifələrinə keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR